UEFA Batumidə Türkiyənin “Beşiktaş” və İsrailin “Hapoel Beer-Şeva” komandaları arasında keçirilən oyun zamanı baş verən qarşıdurma ilə bağlı açıqlama yayıb.
Aktual.ge xəbər verir ki, UEFA-nın məlumatına görə, oyunun İstanbuldan Batumiyə köçürülməsi barədə Türkiyə Futbol Federasiyası quruma məlumat verib.
UEFA bildirir ki, oyunun təşkili və stadionun təhlükəsizliyi onun məsuliyyətinə daxil olmayıb. Stadionda təhlükəsizlik tədbirləri və müdaxilələrlə bağlı qərarlar yerli qurumlar tərəfindən qəbul edilib.
Qurumun açıqlamasına görə, vəziyyət polis “Beşiktaş” azarkeşləri arasında baş verən qarşıdurmanı dayandırmaq üçün müdaxilə etdikdən sonra gərginləşib.
“Cari mövsümdə keçirilən digər oyunlarda olduğu kimi, bu matçın da təşkilatçısı UEFA olmayıb. Buna görə də qurum stadionda təhlükəsizlik məsələlərinə görə məsuliyyət daşımayıb və bu məsələlərə nəzarət etməyib.
Stadionda həyata keçirilən bütün müdaxilələr səlahiyyətli yerli qurumlar tərəfindən, öz məsuliyyətləri və səlahiyyətləri çərçivəsində qərara alınıb və icra edilib.
Bəzi media orqanlarında yayılan məlumatların əksinə olaraq, UEFA-nın əldə etdiyi məlumata görə, oyunun müvəqqəti dayandırılmasına səbəb olan yerli polis və “Beşiktaş” azarkeşləri arasındakı gərginlik polis qüvvələrinin azarkeşlər sektoruna müdaxiləsindən sonra başlayıb. Polis 'Beşiktaş' azarkeşlərinin öz aralarında baş verən qarşıdurmanı sakitləşdirmək məqsədilə müdaxilə edib”, – deyə açıqlamada bildirilib.