DİN-dən
Bugün
400
Kriminal
A
DİN-dən "Beşiktaş" - “Hapoel Beer-Şeva” matçında baş verənlərlə bağlı AÇIQLAMA

Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) Batumidə “Beşiktaş” və “Hapoel Beer-Şeva” komandaları arasında keçirilən oyunla bağlı baş verən qarşıdurma barədə bəyanat yayıb.

Aktual.ge xəbər verir ki, qurumun bəyanatında bildirilir ki, “Beşiktaş” klubunun azarkeşlərinin bir qismi aqressiv davranışları ilə seçilib. Onlar nalayiq şüarlar səsləndirərək və müxtəlif əşyalar ataraq ictimai asayişi kobud şəkildə pozub, polisin qanuni tələblərinə tabe olmayıb, hüquq-mühafizə orqanlarının əməkdaşlarına müqavimət göstərib və onlarla fiziki qarşıdurmaya giriblər.

Bununla yanaşı, nazirlik polisin güc tətbiq etməsinin Fələstinə dəstək bayraqları və bannerlərinin nümayiş etdirilməsi ilə bağlı olduğu barədə məlumatların həqiqəti əks etdirmədiyini bəyan edib.

“Daxili İşlər Nazirliyinin müxtəlif bölmələrinin əməkdaşları cari ilin 26 noyabr tarixində 'Beşiktaş' və 'Hapoel Beer-Şeva' futbol klubları arasında keçirilən oyunla əlaqədar ictimai təhlükəsizliyin və hüquq qaydasının qorunması məqsədilə Batumi şəhərində səfərbər olunmuşdular.

Azarkeşlərin yürüşünün və futbol matçının sakit şəraitdə keçirilməsini təmin etmək üçün Daxili İşlər Nazirliyi əvvəlcədən müvafiq təhlükəsizlik tədbirləri görmüşdü. Hüquq-mühafizə orqanlarının əməkdaşları həm 'Batumi Arena' stadionunun ərazisində, həm də azarkeşlərin stadiona doğru yürüşünün planlaşdırıldığı şəhər ərazilərində yerləşdirilmişdilər.

Avropa Meydanından 'Batumi Arena' istiqamətində yürüş zamanı 'Beşiktaş' futbol klubunun azarkeşlərinin bir qismi aqressiv davranışları ilə seçilib. Onlar nalayiq şüarlar səsləndirərək və müxtəlif əşyalar ataraq ictimai asayişi kobud şəkildə pozub, polisin qanuni tələblərinə tabe olmayıb, hüquq-mühafizə orqanlarının əməkdaşlarına müqavimət göstərib və onlarla fiziki qarşıdurmaya giriblər. Azarkeşlərin bir qismi tərəfindən törədilən zorakı və təxribatçı hərəkətlər stadionun ərazisində də davam edib. Onlar stadionun infrastrukturuna, o cümlədən oturacaqlara zərər vurub, daha sonra həmin oturacaqları hüquq-mühafizə orqanlarının əməkdaşlarına ataraq onların həyat və sağlamlığı üçün təhlükə yaradıblar.

Polis zorakılıq hallarının qarşısının alınması, vəziyyətin gərginliyinin azaldılması və ictimai təhlükəsizliyin təmin edilməsi məqsədilə müvafiq tədbirlər həyata keçirib. Bu tədbirlər çərçivəsində xüsusi vasitədən də istifadə olunub.

Azarkeşlərin zorakı hərəkətləri nəticəsində Daxili İşlər Nazirliyinin 3 əməkdaşı xəsarət alıb. Onların müxtəlif dərəcəli bədən xəsarətləri var. Hüquq-mühafizə orqanlarının əməkdaşları qanunazidd əməllərə görə 16 nəfəri saxlayıblar.

Bundan əlavə, bəzi xarici media vasitələrində polisin güc tətbiq etməsinin Fələstinə dəstək bayraqları və bannerlərinin nümayiş etdirilməsi ilə bağlı olduğu barədə məlumatlar yayılır. Bu məlumatlar həqiqəti əks etdirmir. Sözügedən məlumatları qəti şəkildə təkzib edir və xüsusi olaraq vurğulayırıq ki, azarkeşlərin zorakı hərəkətləri və hüquq-mühafizə orqanlarının əməkdaşları ilə fiziki qarşıdurması qeyd olunan bayraq və bannerlərin nümayiş etdirilməsindən əvvəl, hələ stadion istiqamətində yürüş zamanı başlayıb.

Daxili İşlər Nazirliyi xüsusi olaraq bildirir ki, Gürcüstan ərazisində Gürcüstan qanunvericiliyinin tələblərinə əməl etmək vətəndaşlığından və milliyyətindən asılı olmayaraq hər kəs üçün məcburidir. Hüquq-mühafizə orqanlarının əməkdaşlarına hücum, zorakılıq və ictimai asayişin kobud şəkildə pozulması yolverilməzdir. Qanunazidd hər bir hərəkətə qanunvericiliklə nəzərdə tutulmuş sərt reaksiya veriləcək”, – deyə bəyanatda qeyd olunub.

Xatırladaq ki, Avropa Liqasının əsas mərhələsinin beşinci turu çərçivəsində Türkiyənin “Beşiktaş” və İsrailin “Hapoel Beer-Şeva” futbol klubları arasında qarşılaşma İstanbul əvəzinə Batumidə keçirilib. UEFA-nın bəyanatında bildirilib ki, təhlükəsizlik səbəbindən oyunun İstanbulda keçirilməsi mümkün olmayıb.

ŞƏRH YAZ
3