Bugün
283
Hadisə
A
"Beşiktaş"ın təyyarəsində qorxulu anlar: Batumiyə eniş mümkün olmadı

İsrail təmsilçisi "Hapoel Beer-Şeva" ilə Batumidə keçiriləcək qarşılaşmaya yollanan "Beşiktaş"ın heyətini aparan təyyarə əlverişsiz hava şəraitinə görə Rize-Artvin hava limanına məcburi eniş edib.

Aktual.ge Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə İstanbul klubunun direktoru Önder Özen məlumat verib.

Onun sözlərinə görə, "qara qartallar" təxminən 3 saatlıq avtomobillə səfərdən sonra Rizedən quru yolu vasitəsilə Batumiyə çatıblar.

Klub direktoru təhlükəli bir uçuş yaşadıqlarını bəyan edib:

"Bir qədər riskli səfər oldu. Təhlükədən qurtulduq. Təyyarəni idarə edən pilot çox ağıllı bir addım atdı və son anda Batumiyə enişdən imtina etdi. Havada bir neçə dövrə vurduqdan sonra Rizeyə qayıtdıq, oradan bura gəldik. Təxminən 8 saatlıq bir yolçuluq oldu. Əslində bu, ev oyunudur. Futbolçular 8 saatdır yoldadırlar".

Klub rəsmisi səmada qorxduqlarını da etiraf edib:

"Hər kəs qorxdu. Bu, çox normaldır, hamının sevənləri, qovuşmaq istədiyi insanlar var. Bir qorxu yaşandı. Əvvəllər mənim rastlaşmadığım bir hadisə oldu. Deyəsən, mənim gördüyüm ən təhlükəli anlardan biri idi".

Qeyd edək ki, UEFA Avropa Liqasının (AL) V turu çərçivəsində "Beşiktaş" - "Hapoel Beer-Şeva" oyunu bu gün Gürcüstanda keçiriləcək. Batumidə baş tutacaq qarşılaşma Tbilisi vaxtı ilə saat 21:45-də başlayacaq.

ŞƏRH YAZ
3