Avropa Parlamenti Gürcüstanla bağlı daha bir tənqidi qətnamə qəbul edib.
Aktual.ge İctimai Yayımçıya istinadən xəbər verir ki, Avropa Parlamentinin plenar iclasında “Paata Burçuladzenin işi və 'Gürcü Arzusu' rejimi dövründə siyasi məhbuslar” adlı qətnamə 441 lehinə, 47 əleyhinə səslə qəbul edilib. 86 avroparlamentari isə səsvermədə iştirak etməkdən imtina edib.
Qətnaməyə əsasən, Avropa Parlamenti Avropa İttifaqını koordinasiyalı mövqeyini qorumağa çağırır və insan hüquqlarının ciddi şəkildə pozulmasına görə məsuliyyət daşıyan şəxslərə, o cümlədən Bidzina İvanişvili, İrakli Kobaxidze, Şalva Papuaşvili, Kaxa Kaladze və digər yüksək vəzifəli şəxslərə, həmçinin hakimlərə, prokurorlara və hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı məqsədyönlü sanksiyaların və viza qadağalarının tətbiqini bir daha tələb edir.
Avropa Parlamenti Paata Burçuladze, İrakli NadiradzE və Paata Mancqaladzeyə qarşı çıxarılan hökmləri qətiyyətlə pisləyir. Onların, eləcə də bütün "siyasi məhbuslar"ın və qanunsuz olaraq saxlanılan şəxslərin siyasi mənsubiyyətindən asılı olmayaraq dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasını tələb edir.
Qətnaməyə görə, Avropa Parlamenti Gürcüstanın özünü təyin etmiş hakimiyyətini ədalətli məhkəmə araşdırması ilə bağlı beynəlxalq standartlara tam riayət etməyə, Paata Burçuladzenin lazımi tibbi və hüquqi xidmətlərə çıxışını, həmçinin ailəsi ilə müntəzəm əlaqə saxlamasını təmin etməyə çağırır. Eyni zamanda, onun konsulluq xidmətlərinə maneəsiz çıxış hüququna tam hörmət edilməsini tələb edir.
Avropa Parlamenti Gürcüstan hakimiyyətini incəsənət xadimlərinə, müxalifət nümayəndələrinə, jurnalistlərə və fəallara qarşı siyasi motivli cinayət təqibini və məhkəmə təzyiqlərini dayandırmağa, ifadə, sərbəst toplaşmaq və birləşmək azadlıqlarını tam təmin etməyə çağırır.
Həmçinin, avroparlamentarilər nümayişçilərə qarşı həddindən artıq güc tətbiqi, hədə-qorxu və pis rəftarla bağlı iddiaların müstəqil şəkildə araşdırılmasını, məsul şəxslərin isə qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb edilməsini tələb edirlər.
Avropa Parlamenti bu qətnamə ilə Gürcüstan xalqına və onun demokratik istəklərinə sarsılmaz dəstəyini bir daha təsdiqləyir.
Qeyd olunur ki, Avropa İttifaqına üzvlük yolunda istənilən irəliləyiş üçün qanunun aliliyinə, İnsan Hüquqları üzrə Avropa Konvensiyasına və fundamental hüquqlara hörmət edilməsi zəruridir.
Avroparlamentarilər Gürcüstanda demokratik proseslərin geriləməsinə görə məsuliyyət daşıyan şəxslərin məsuliyyətə cəlb edilməsinə nail ola bilməyən bəzi Avropa İttifaqı üzv dövlətlərinin hərəkətsizliyindən təəssüfləndiklərini bildirirlər.
Məlumat üçün bildirək ki, Avropa Parlamenti “Gürcü Arzusu”na qarşı sonuncu qətnaməni ötən ay qəbul edib. Gürcüstanın Baş naziri İrakli Kobaxidze isə bu yaxınlarda ölkədə siyasi məhbusların olmadığını bəyan edib. O, saxlanılan və ya məhkum edilmiş şəxslərin cinayət əməllərinə, o cümlədən zorakılığa və hakimiyyəti devirmək cəhdlərinə görə məsuliyyətə cəlb olunduqlarını bildirib.