Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Tbilisidə yerləşən Cümə məscidində Qurban bayramı münasibətilə müsəlman icması ilə görüşüb və təbrik nitqi ilə çıxış edib.
Aktual.ge xəbər verir ki, Prezident çıxışında ölkədə dini tolerantlığın və müxtəlif icmalar arasında qarşılıqlı hörmətin ölkənin əsas dəyərlərindən biri olduğunu vurğulayıb.
O qeyd edib ki, müsəlman icması Gürcüstan cəmiyyətinin ayrılmaz hissəsidir və ölkənin sosial-mədəni həyatında mühüm rol oynayır.
Mixeil Kavelaşvili Qurban bayramının sülh, həmrəylik, mərhəmət və xeyirxahlıq kimi dəyərləri təcəssüm etdirdiyini bildirib və bütün müsəlman icmasını bayram münasibətilə təbrik edib.
Prezident, həmçinin Gürcüstanda dini azadlıqların qorunmasının və bütün vətəndaşların öz dini ayinlərini sərbəst şəkildə icra etməsi üçün lazımi şəraitin yaradılmasının dövlət siyasətinin mühüm istiqamətlərindən biri olduğunu qeyd edib.
Mixeil Kavelaşvili Gürcüstan Patriarxı II İliyanın vəfatı zamanı Azərbaycan və Gürcüstan müsəlman icmasının öz milli və dini bayramlarını təxirə salaraq göstərdiyi həmrəyliyə görə minnətdarlığını bildirib.
Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze isə ölkədə dini azadlıqların təmin olunmasından danışıb.
Tədbirdə, həmçinin Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Türkiyənin səfiri Mustafa Türker Arı, İranın səfiri Ali Mojani eləcə də müxtəlif ölkələrin diplomatik korpusunun nümayəndələri iştirak ediblər.



