Marneuli Azərbaycan Evində Gürcüstan və Azərbaycanın Müstəqillik Günlərinə həsr olunmuş tədbir təşkil olunub.
Aktual.ge xəbər verir ki, tədbir “Yeni Nəslin Liderləri” təşəbbüs qrupu və Azərbaycan Diaspor Gənclərinin əməkdaşlığı ilə baş tutub. Tədbirin aparıcısı Emil Allahverdiyev olub.
Açılış hissəsində müstəqillik tarixi, dövlətçilik dəyərləri və gənclərin gələcək məsuliyyəti ilə bağlı çıxışlar dinlənilib.
Çıxış edənlərdən Zeynəb Nurməmmədova Gürcüstanın müstəqillik gününün tarixi əhəmiyyətindən danışıb. Türkan Kazımlı isə Azərbaycanın 28 May – Müstəqillik Günü və Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi barədə məlumat verib. Emil Allahverdiyev çıxışında müstəqilliyin qorunmasında və inkişafında gənclərin rolunun vacibliyini vurğulayıb.
Qeyd olunub ki, müstəqillik hər iki xalq üçün ən böyük dəyərlərdən biridir və onun qorunması gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda Gürcüstan və Azərbaycan arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsində gənclərin fəallığının vacibliyi vurğulanıb.
Tədbir daha sonra Gürcüstan və Azərbaycanın tarixi, müstəqillik yolu və iki ölkə arasındakı dostluq münasibətlərinə həsr olunmuş bilik yarışı ilə davam edib.
Sonda tədbirin məqsədinin gənclər arasında dostluğun təşviqi, müstəqillik ruhunun gücləndirilməsi və milli dəyərlərin qorunması olduğu bildirilib.




