Gürcüstanda Məhərrəm ayı başlayıb.
Aktual.ge xatırladır ki, Hicri-qəməri təqvimi ilə 1447-ci il başa çatır və yeni 1448-ci ilin başlanğıcı – Məhərrəm ayının 1-i miladi təqvimlə 2026-cı il iyunun 16-na təsadüf edir. Tasua günü iyunun 24-də, Aşura günü isə iyunun 25-də qeyd olunacaq. Səfər ayı iyulun 16-da başlayacaq.
Hicri təqviminin ilk ayında – Məhərrəm ayında Gürcüstanda müsəlmanların yaşadığı bir sıra bölgələrdə toy və digər şənlik mərasimləri təxirə salınır.
Qeyd edək ki, Həzrət Məhəmməd Peyğəmbərin (s) nəvəsi İmam Hüseyn (ə), onun ailə üzvləri və tərəfdarları hicri-qəməri təqvimi ilə 61-ci ildə Kərbəlada Məhərrəm ayının 10-da şəhid ediliblər.
Məlumat üçün bildirək ki, Gürcüstanda müsəlmanların kompakt yaşadığı rayonların əksəriyyətində Məhərrəm ayı ilə əlaqədar matəm məclisləri uzun illərdir təşkil olunur. Son 15 ildə isə, əsasən Marneuli Bələdiyyəsində olmaqla yanaşı, müsəlmanların yaşadığı digər bələdiyyələrdə, qəsəbələrdə və kəndlərdə də 10 gün ərzində yollarda İmam Hüseyn (ə) ehsanı paylanılır.