Xarici valyuta ilə kreditlərin götürülməsi daha da məhdudlaşdırılır | YENİ QAYDA
17.06.2026 00:30
333
İqtisadiyyat
A
Xarici valyuta ilə kreditlərin götürülməsi daha da məhdudlaşdırılır | YENİ QAYDA

Xarici valyutada kredit götürmək daha da məhdudlaşdırılır. 

Aktual.ge xəbər verir ki, bu haqda Gürcüstan Milli Bankının prezidentinin əmri ilə dəyişiklik 2026-cı il iyulun 1-dən qüvvəyə minəcək.

Belə ki, 2026-cı il iyulun 1-dən etibarən kredit verən təşkilatlar 1 000 000 lariyədək olan kreditləri və bank kreditlərini yalnız milli valyutada - lari ekvivalentində verəcəklər.

Buna uyğun olaraq, gəlirləri laridə olan vətəndaşlar artıq 1 milyon lariyədək olan kreditləri xarici valyutada götürə bilməyəcəklər.

Yeni qaydaya əsasən, hər hansı formada xarici valyutaya bağlı və ya indeksləşdirilmiş kreditlər laridə verilmiş sayılmayacaq.

Milli Bankın izahına görə, məhdudiyyət bir sıra istisna hallara şamil edilməyəcək. Bu istisnalara aşağıdakılar daxildir:

Kredit verilməsi nəticəsində borcalanın konkret borc verən qarşısındakı ümumi öhdəlikləri 1 milyon larini aşarsa;

Borcalan Gürcüstan vətəndaşı deyilsə və ya Gürcüstanda qeydiyyatdan keçməmiş hüquqi şəxsdirsə;

Kredit tamamilə həmin valyutada olan pul vəsaitləri ilə təmin edilibsə;

Borcalan kreditin ödənilməsi üçün kifayət qədər olan gəlirini tamamilə müvafiq xarici valyutada alırsa;

Mövcud kreditin həmin valyutada refinanslaşdırılması və ya restrukturizasiyası baş verirsə və öhdəliyin həcmi artmırsa.

"Vacibdir ki, əmr fiziki şəxs olan zaminlərə və müəyyən hallarda bank qarantiyası və akkreditiv əsasında yaranan öhdəliklərə də şamil edilir" , - məlumatda qeyd edilib.

Bununla yanaşı, Gürcüstan Milli Bankının 750 000 lariyədək olan kreditlərin laridə verilməsini tənzimləyən 21 iyul 2025-ci il tarixli əmri ləğv edilir. Yeni qaydaya əsasən, həmin limit 750 min laridən 1 milyon lariyə qədər artırılır.

Sənədə görə, yeni tənzimləmə 2026-cı il iyulun 1-dən qüvvəyə minəcək.

Xatırladaq ki, sözügedən qərarı Gürcüstan Milli Bankının Maliyyə Sabitliyi Komitəsi hələ may ayında qəbul etmişdi və bu, Milli Bankın prezidenti tərəfindən 15 iyun tarixli əmrlə təsdiqlənmişdir.

ŞƏRH YAZ
3