Marneulidə 11 aprel tarixində klinikada xidməti vəzifəsini yerinə yetirərkən amansızcasına döyülən 63 yaşlı Aləddin Qənazadə vəfat edib.
Aktual.ge-nin məlumatına görə, ailəsinin bildirdiyinə əsasən, mühafizə əməkdaşı xəstənin yaxını İndiko Xaptani tərəfindən döyülüb. Hadisə klinikada qəbul saatları başa çatdıqdan sonra baş verib. Belə ki, mühafizəçi xəstə yaxınlarının klinikaya daxil olmasına icazə verməyib. Məhz bundan sonra ona qarşı fiziki zorakılıq tətbiq olunub.
Zərərçəkənə hadisə yerində əməliyyat edilib, daha sonra reanimobil vasitəsilə Tbilisidə yerləşən xəstəxanaya çatdırılıb. O, həmin vaxtdan etibarən süni tənəffüs aparatına qoşulu vəziyyətdə müalicə alırdı.
Faktla bağlı 1 nəfər saxlanılıb. Hadisə üzrə istintaq Gürcüstan Cinayət Məcəlləsinin 117-ci maddəsi ilə aparılır. Həmin maddə sağlamlığa qəsdən ağır xəsarət yetirilməsini nəzərdə tutur.