Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin Antikorrupsiya Agentliyi “Gürcüstan Dəmir Yolları”nın keçmiş baş direktoru David Feradze və daha 7 şəxsi cinayət məsuliyyətinə cəlb edib.
Aktual.ge xəbər verir ki, qurumun məlumatına görə, onlardan 2-si, o cümlədən David Feradze barəsində axtarış elan olunub, digər şəxslər isə məhkəmə qərarı əsasında Tbilisidə saxlanılıb.
İstintaq materiallarına əsasən, şübhəlilər 2019-cu ildən etibarən təşkil olunmuş qrup şəklində “Gürcüstan Dəmir Yolları”na məxsus metal qırıntılarının mənimsənilməsi və satışı ilə məşğul olublar. Prosesdə saxta sənədlərdən istifadə edildiyi, müxtəlif şirkətlərin cəlb olunduğu bildirilir.
Ümumilikdə 2020–2021-ci illərdə 22 min tondan çox dəmir qırıntısının mənimsənildiyi, bunun nəticəsində milyonlarla lari dəyərində vəsait əldə olunduğu qeyd edilir.
Həmçinin 2022-ci ildə başqa bir epizod üzrə müqavilə icrası zamanı görülən işlərin şişirdildiyi və dövlətə 400 min lariyə yaxın ziyan dəydiyi müəyyən edilib.
İstintaq Cinayət Məcəlləsinin müxtəlif maddələri üzrə davam edir və 9 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Qurum bildirib ki, araşdırma davam edir və digər mümkün iştirakçıların müəyyənləşdirilməsi istiqamətində tədbirlər görülür.