Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları, Kvemo Kartli Regional Prokurorluğu ilə birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxta məhsul istehsalı ilə məşğul olmaqda şübhəli bilinən Türkiyə Respublikasının iki vətəndaşını saxlayıb.
Aktual.ge xəbər verir ki, istintaq zamanı müəyyən edilib ki, təqsirləndirilən şəxslər qanunsuz gəlir əldə etmək məqsədilə Kvemo Kartli bölgəsində kustar üsulla fəaliyyət göstərən istehsalat sahəsi yaradıblar.
Onların tanınmış brendlərin - “ABC”, “Ariel”, “Tide” və “Persil” əmtəə nişanlarından qanunsuz istifadə etməklə yuyucu tozlar hazırladıqları və satışını həyata keçirdikləri müəyyən edilib.
Əməliyyat zamanı satışa hazır vəziyyətdə olan, saxta brend nişanları ilə markalanmış 1 325 ədəd yuyucu toz müsadirə olunub.
Bundan əlavə, axtarış zamanı 5 818 boş qablaşdırma, 632 kisə keyfiyyətsiz yuyucu toz, 28 kisə duz, müxtəlif ətirləndirici maddələr, boyalar və məhsulun hazırlanması üçün istifadə edilən avadanlıqlar aşkarlanaraq götürülüb.
Hazırda istintaq davam etdirilir. Hüquq-mühafizə orqanları cinayətə cəlb olunan digər şəxslərin və saxta məhsulların satışa çıxarıldığı obyektlərin müəyyən edilməsi istiqamətində tədbirlər aparır.
Faktla bağlı araşdırma Gürcüstan Cinayət Məcəlləsinin 196-cı maddəsinin 3-cü hissəsi üzrə aparılır. Bu maddə 3 ildən 5 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.