Dünyanın gözü qulağı Ankarada: NATO-nun tarixi sammiti başlayır
Bugün
280
Dünya
A
Dünyanın gözü qulağı Ankarada: NATO-nun tarixi sammiti başlayır

NATO-nun 36-cı Liderlər Sammiti bu gün Ankaranın Prezident İqamətgahında (Cumhurbaşkanlığı Külliyesi) başlayır. 

Aktual.ge xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ev sahibliyi və NATO-nun Baş katibi Mark Ruttenin rəhbərliyi ilə keçiriləcək sammit iki gün davam edəcək.

Sammitdə ABŞ Prezidenti Donald Trampla yanaşı, 31 ölkənin və dəvət olunmuş dövlətlərin liderləri iştirak edəcək. Prezident İqamətgahı liderlərlə bərabər minlərlə diplomatı, qonağı və yüksək rütbəli məmuru qəbul etmək üçün tam hazır vəziyyətə gətirilib.

Ankarada genişmiqyaslı təhlükəsizlik tədbirləri tamamlanıb, zirvə toplantısının təhlükəsizliyi üçün 48 min 841 polis, 7 min 447 jandarm və 639 kibertəhlükəsizlik əməkdaşının yer aldığı cəmi 56 min 927 nəfər xidmət edəcək

Gündəliyin birinci bəndi: 5 faiz öhdəliyi

İki gün ərzində alyansın gələcəyini formalaşdıracaq qlobal və regional təhlükəsizlik mövzuları müzakirə olunacaq. Gündəliyin ilk sırasında ötən il Haaqa Sammitində götürülən və müttəfiqlərin 2035-ci ilə qədər ümumi daxili məhsullarının (ÜDM) 5 faizini müdafiəyə ayırmasını nəzərdə tutan öhdəliklərin icrası yer alır.

Sammitdən əvvəl Ankarada keçirdiyi mətbuat konfransında danışan NATO-nun Baş katibi Mark Rutte, "Ankarada ölkələrin bu 5 faizlik hədəfə çatmaq üçün aydın, konkret və etibarlı planlar təqdim etməsini gözləyirəm" deyib.

O, həmçinin bu gün keçiriləcək NATO Sammiti Müdafiə Sənayesi Forumunda "Çəkindirmə və müdafiə üçün mütləq lazım olan təchizatı təmin edəcək on milyardlarla dollarlıq yeni müqavilələrin" elan ediləcəyini açıqlayıb.

Ukraynaya dəstək masadadır

Rusiyanın Ukraynaya qarşı hücumlarının davam etdiyi bir vaxtda toplanan sammitdə Ukraynaya dəstəyin davam etdirilməsi və xüsusilə hava hücumundan müdafiə ehtiyacı önə çıxan mövzular arasındadır.

Baş katib bütün müttəfiqlərin bu məsələdə "Üzərinə düşəni etməli olduğunu" vurğulayaraq, Çin, Şimali Koreya və İranı Rusiyanın işğal cəhdinin "Əsas dəstəkçiləri" adlandırıb.

"Hər sammit üçün tarixi deyilir, lakin bu dəfə həqiqətən elədir"

Sammit həm keçirildiyi dövr, həm də gərgin gündəliyi səbəbindən "tarixi" olaraq qiymətləndirilir. Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas deyib ki, "Hər sammit üçün tarixi deyilir, lakin bu dəfə həqiqətən elədir"

Türkiyə üçün kritik sammit

Türkiyənin son dövrlərdə artan beynəlxalq nüfuzu baxımından da kritik əhəmiyyət kəsb edən sammitin, 1952-ci ildən bəri NATO üzvü olan Türkiyənin alyans daxilindəki rolunu daha da möhkəmləndirəcəyi gözlənilir.

Mark Rutte mətbuat konfransında ev sahibliyinə görə Ərdoğana təşəkkür edərək, "Xüsusilə bizi qəbul edən türklərin qonaqpərvərliyindən çox təsirləndim". deyib.

ŞƏRH YAZ
1