Sürücülərin nəzərinə! Gecə vaxtı bu normanı aşanlar 100 lari cərimələnəcək və balı silinəcək
Bugün
137
Maraqlı
A
Sürücülərin nəzərinə! Gecə vaxtı bu normanı aşanlar 100 lari cərimələnəcək və balı silinəcək

Gürcüstanın daxili işlər nazirinin müvafiq əmri imzalanıb. 

Aktual.ge xəbər verir ki, bu əmrlə nəqliyyat vasitələrinin istismarı zamanı yaranan səs-küy səviyyəsinin sertifikatlaşdırılmış portativ aparat vasitəsilə yoxlanılması qaydası və şərtləri müəyyən edilib.

Daxili İşlər Nazirliyinin (DİN) bəyanatında qeyd olunur ki, “əmrin məqsədi ictimai asayişin qorunmasının daha səmərəli şəkildə həyata keçirilməsidir”.

Nazirliyin məlumatına görə, bu ilin sentyabrın 1-dən etibarən DİN-in səlahiyyətli bölmələri yol hərəkəti zamanı nəqliyyat vasitələrinin yaratdığı səs-küyün səviyyəsini yoxlayacaqlar. Bu yoxlamalar qurum tərəfindən satınalınmış və beynəlxalq ISO 5130:2019 standartına uyğun olan xüsusi portativ səs-küyölçən cihaz dəstləri vasitəsilə həyata keçiriləcək.

“Nəqliyyat vasitələrinin istismarı zamanı yaranan səs-küyün icazə verilən normaları Gürcüstan hökumətinin müvafiq qərarı ilə tənzimlənir.

Həmin qərara əsasən, yaşayış məntəqələrində gecə saatlarında – saat 23:00-dan 08:00-dək nəqliyyat vasitəsinin istismarı zamanı yaranan səs-küy 80 desibeli (dB) aşmamalıdır.

Gürcüstanın İnzibati Xətalar Məcəlləsinə əsasən, səs-küy səviyyəsi qanunvericiliklə müəyyən edilmiş normadan artıq olan nəqliyyat vasitəsinin idarə edilməsinə görə aşağıdakı cərimələr tətbiq olunur:

  • İlk dəfə törədildikdə: 100 lari məbləğində cərimə və sürücülük vəsiqəsi ballarının 10 bal azaldılması;

  • İkinci dəfə təkrarlandıqda: 200 lari məbləğində cərimə və sürücülük vəsiqəsi ballarının 20 bal azaldılması;

  • Üçüncü və növbəti hər bir halda: 300 lari məbləğində cərimə və sürücülük vəsiqəsi ballarının 30 bal azaldılması.

Daxili İşlər Nazirliyinin əməkdaşları asayişin və vətəndaşların təhlükəsizliyinin qorunması məqsədilə müvafiq tədbirlərin görülməsini, o cümlədən yol hərəkətinin idarə olunmasını və yol hərəkəti qaydalarının pozulmasına qarşı aktiv rejimdə mübarizəni davam etdirirlər”, - deyə məlumatda bildirilib.

 

ŞƏRH YAZ
1