Anakliya Dərin Dəniz Limanının 100 faizi dövlətə məxsus olacaq və layihə çərçivəsində limanın səhmləri satışa çıxarılmayacaq.
Aktual.ge xəbər verir ki, bunu iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili bildirib.
Nazirin sözlərinə görə, Anakliya limanı Gürcüstanın strateji obyekti olaraq dövlət mülkiyyətində saxlanılacaq, beynəlxalq şirkətlər isə yalnız limandakı terminal infrastrukturunun idarə olunmasında iştirak edəcəklər.
"Səhmlər satılmayacaq. Bu, Gürcüstan limanı olacaq və Anakliya Dərin Dəniz Limanının sahibi dövlət olacaq. Ölkəmiz üçün belə strateji əhəmiyyətə malik layihənin sahibi başqa heç kim olmayacaq. Beynəlxalq şirkətlərin iştirakı isə yalnız terminal infrastrukturunun idarə olunması ilə bağlı olacaq və bunun mülkiyyətlə heç bir əlaqəsi yoxdur", – deyə Kvrivişvili vurğulayıb.
O bildirib ki, limanda yaradılacaq konteyner və quru yük terminalları beynəlxalq tərəfdaşlara icarəyə veriləcək.
Nazirin sözlərinə görə, Anakliya limanı layihəsində iştirakla bağlı bir neçə Qərb ölkəsi maraq göstərir. Lakin danışıqlar davam etdiyi üçün konkret ölkələrin adlarını açıqlamayıb.
Kvrivişvili əlavə edib ki, hökumət bu gündən etibarən strateji tərəfdaşların seçilməsi üçün açıq və şəffaf prosesə başlayır. Onun sözlərinə görə, prosesdə həm dövlət qurumları, həm də liman infrastrukturunun idarə olunması, yük axınının təşkili və maliyyələşdirilməsi sahəsində təcrübəyə malik beynəlxalq özəl şirkətlər iştirak edə biləcəklər.