Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) məlumatına görə, aparılan istintaq nəticəsində müəyyən edilib ki, saxlanılan şəxslər xarici ölkələrdən birində fəaliyyət göstərən böyük cinayətkar qruplaşmanın şəbəkəsinin üzvləridir. İddia olunur ki, onlar Gürcüstanda satmaq məqsədilə ölkəyə qanunsuz şəkildə odlu silah və döyüş sursatları gətiriblər.
Aktual.ge xəbər verir ki, DTX əməkdaşları şübhəliləri Tbilisidə, cinayətin törədildiyi ərazidə saxlayıblar.
Saxlanılan şəxslərin üzərinə, avtomobillərinə və müvəqqəti yaşadıqları evə baxış zamanı sübut kimi satış üçün hazırlanmış qanunsuz odlu silahlar, döyüş sursatları, ehtimal olunan narkotik vasitə və elektron cihazlar götürülüb.
İlkin araşdırma zamanı elektron cihazlarda müxtəlif cinayət əməlləri, o cümlədən külli miqdarda narkotik vasitələrin satışını əks etdirən foto və video materialların aşkar edildiyi bildirilib.
Götürülən maddi sübutlar ekspertizaya göndərilib.
Dövlət Təhlükəsizliyi Xidməti beynəlxalq cinayət şəbəkəsinə daxil olan digər şəxslərin müəyyən edilməsi və məsuliyyətə cəlb olunması istiqamətində araşdırmaları davam etdirir.
Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 236-cı maddəsinin 5-ci hissəsi ilə aparılır. Bu maddə 9 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.