Bolnisi Bələdiyyəsinin Naxiduri (Arıxlı) kəndində oğlunun müalicə və dərman xərclərinin qarşılanması üçün yardım istəyən qadın “Gürcü Arzusu” partiyasının deputatı Vüqar İsayevi ona maddi yardım müqabilində cinsi münasibət təklif etməkdə ittiham edir.
Aktual.ge xəbər verir ki, bu barədə “TV Pirveli” telekanalının “Şənbə efiri” proqramında yayımlanan süjetdə məlumat verilib.
Adı açıqlanmayan qadının sözlərinə görə, deputatın təklifini rədd etdikdən və polisə şikayət edəcəyi ilə bağlı xəbərdarlıq etdikdən sonra Vüqar İsayev ona küçədə fiziki zorakılıq göstərib. Telekanalın əldə etdiyi görüntülərdə də deputatın qadına qarşı fiziki güc tətbiq etdiyi, ətrafdakı şəxslərin isə müdaxilə edərək qadını müdafiə etməyə çalışdığı görünür.
Telekanalın məlumatına görə, hadisə oktyabrın 20-də Bolnisi Bələdiyyəsinin Naxiduri (Arıxlı) kəndində baş verib.
Üç uşaq anası olan 36 yaşlı qadın iddia edir ki, deputatın ona qarşı təzyiqləri təxminən iki il əvvəl başlayıb. Həmin vaxt o, oğlunun əməliyyat xərclərinin qarşılanması üçün bələdiyyədən maddi yardım almaq məqsədilə Vüqar İsayeva müraciət edib. Qadının sözlərinə görə, görüşdən iki gün sonra deputatın telefon nömrəsindən ona zəng gəlib və bundan sonra İsayev onu narahat etməyə başlayıb.
Zərərçəkmiş deyir ki, deputat mütəmadi olaraq ona mesajlar yazıb, görüşməkdə israr edib və onu izləyib.
Qadının sözlərinə görə, sonuncu görüş Marneulinin Candar yaşayış massivində baş tutub. O, Vüqar İsayevin avtomobilinə əyləşdikdən sonra deputatın ona sillə vurduğunu iddia edir. Buna səbəb isə qadının Batumiyə getmək təklifini qəbul etməməsi olub.
Qadın həmçinin iddia edir ki, baş verənləri polisə danışacağını dedikdən sonra deputat onu ölümlə hədələyib. Daha sonra isə qəsdən qəza vəziyyəti yaradıb. Bundan sonra qadın deputatın avtomobilinin təkərinə təpik vurduğunu, Vüqar İsayevin isə küçədə ona fiziki zorakılıq göstərdiyini söyləyib.
Zərərçəkmiş hadisə günü polisə müraciət etdiyini, lakin deputatın saxlanılmadığını qeyd edib. Onun sözlərinə görə, əksinə, özünə qarşı iki maddə üzrə cinayət işi başlanıb.
“TV Pirveli”nin məlumatına əsasən, Vüqar İsayev Bolnisi Bələdiyyə Məclisinin Əmlakın İdarə Edilməsi Komissiyasının sədridir. Hadisəni əks etdirən görüntülər polisə təqdim olunsa da, deputat barəsində zorakılıq ittihamının yalnız telekanalın məsələ ilə bağlı araşdırmaya başlamasından sonra irəli sürüldüyü bildirilir.