Meriya əməkdaşı külli miqdarda rüşvət almaqda şübhəli bilinərək saxlanılıb
04.08.2026 14:34
343
Siyasət
A
Meriya əməkdaşı külli miqdarda rüşvət almaqda şübhəli bilinərək saxlanılıb

Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Antikorrupsiya Agentliyi Batumi Meriyasının tabeliyində fəaliyyət göstərən “Batumi Bələdiyyə Müfəttişliyi”nin Tikintiyə Nəzarət şöbəsinin əməkdaşını külli miqdarda rüşvət tələb etmək və almaqda ittiham edərək saxlayıb.

Aktual.ge xəbər verir ki, bu barədə Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb.

Bildirilib ki, istintaq və əməliyyat tədbirləri nəticəsində saxlanılan şəxsin Batumidə qanunsuz tikilmiş kommersiya təyinatlı obyektə görə qanunvericiliklə nəzərdə tutulan cərimənin tətbiq edilməməsi müqabilində Gürcüstan vətəndaşından rüşvət aldığı müəyyənləşdirilib. O, rüşvəti alarkən cinayət başında yaxalanaraq təqsirləndirilən şəxs qismində saxlanılıb.

DTX-nin məlumatına görə, saxlanılan şəxsin əsas vəzifəsi Batumi şəhəri ərazisində bütün kateqoriyalara aid tikinti obyektlərinə nəzarət etmək, icazəsiz və qanunsuz həyata keçirilən tikinti işləri ilə bağlı qanunvericiliyə uyğun tədbirlər görmək olub.

Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 338-ci maddəsinin 1-ci hissəsi ilə aparılır. Həmin maddə rüşvət alma cinayətini nəzərdə tutur və 6 ildən 9 ilədək azadlıqdan məhrumetmə cəzası müəyyən edir.

ŞƏRH YAZ
0