Milli Qida Agentliyi Maliyyə Nazirliyinin Gəlirlər Xidməti ilə əməkdaşlıq çərçivəsində insan sağlamlığı üçün təhlükəli, icazəsiz kəsilmiş iribuynuzlu heyvan ətinin satışa çıxarılması faktının qarşısını alıb.
Aktual.ge xəbər verir ki, birgə tədbir nəticəsində 2 tona yaxın ət müsadirə edilərək məhv edilib.
Məlumata görə, ilkin olaraq Agentliyə Mtsxeta-Mtianeti bölgəsinin Tsilkani kəndindən 15 baş iribuynuzlu heyvanın zəhərlənməsi ilə bağlı məlumat daxil olub. Fermerin (K. Ç.) bildirdiyinə görə, heyvanların saxlanıldığı yer həşəratlara qarşı preparatla işlənildikdən sonra onlarda zəhərlənmə əlamətləri müşahidə olunub.
Agentliyin Mtsxeta-Mtianeti departamentinin baytarları dərhal əraziyə reaksiya verərək laboratoriya müayinəsi üçün istifadə olunan preparatdan nümunə götürüblər. İlkin araşdırma zamanı preparatın düzgün istifadə edilmədiyi və təhlükəsizlik qaydalarının pozulduğu müəyyənləşdirilib.
Hadisə yerində fermer tərəfindən artıq kəsilmiş bir baş heyvan baytarlıq qaydalarına uyğun şəkildə məhv edilib. Qalan 14 baş heyvanla bağlı isə insan sağlamlığı üçün təhlükəli ətin bazara çıxmasının qarşısını almaq məqsədilə fermerə Agentliyi əvvəlcədən məlumatlandırmaq öhdəliyi qoyulub.
“Əlavə araşdırma nəticəsində Gəlirlər Xidmətinin və Agentliyin İmereti departamentinin inspektorları birgə tədbir çərçivəsində bir nəqliyyat vasitəsi müəyyən ediblər. Həmin nəqliyyat vasitəsində “Produktebi 2028” MMC-yə (VÖEN: 445530239) məxsus, kəsim məntəqəsindən kənarda və baytarlıq nəzarəti olmadan kəsilmiş 2 tona yaxın ət daşınırdı.
Yoxlama zamanı müəyyən edilib ki, heyvanların identifikasiya qulaq nişanları məhz Tsilkani kəndində ehtimal olunan zəhərlənməyə məruz qalan heyvanlara məxsus olub.
Agentliyin inspektorları qanunvericilikdə nəzərdə tutulan tədbirləri həyata keçiriblər — ət tam şəkildə müsadirə edilərək məhv edilib, biznes operatoru isə cərimələnib”, – deyə məlumatda bildirilir.