Məktəblərdə Yeni tədris ili başlayıb
Bugün
111
Mədəniyyət
A
Məktəblərdə Yeni tədris ili başlayıb

Gürcüstanın dövlət məktəblərində yeni tədris ili başlayıb.

Aktual.ge xəbər verir ki, 2026–2027-ci tədris ili üçün Gürcüstanın dövlət məktəblərində 37 min 733 birinci sinif şagirdi qeydiyyatdan keçib.

“Təhsil Resursları”nın məlumatına görə, bu il I, V, VII, IX və X sinif şagirdləri yeni məktəb dərslikləri ilə təhsil alacaqlar.

Bu il məktəb formalarında da yenilik var. Birinci sinif şagirdləri üçün məktəb formalarının satışı sentyabrın 1-dən başlayıb.

Təhsil, Elm və Gənclər naziri Qivi Mikanadzenin qərarı ilə milli tədris planına da dəyişikliklər edilib.

Sənədə əsasən, semestr ərzində dövlət məktəbinin şagirdi aşağıdakı üç komponent üzrə qiymətləndiriləcək:
a) cari ev tapşırığı;
b) cari sinif tapşırığı;
c) yekun tapşırıq.

Bu komponentlərin hər birinin çəkisi eyni olacaq.

Bununla yanaşı, həmin sənədə əsasən, əgər şagirdin sinifdə hər hansı fənn üzrə illik qiyməti 5,0-dan aşağıdırsa, məktəb payız imtahanı keçirilməzdən əvvəl şagirdə remediasiya proqramı təklif etməyə borcludur.

“Əgər dövlət məktəbi hər hansı fənn/fənlər üzrə şagirdin qiymətləndirilməsi məqsədilə yalnız yekun komponentdən istifadə etmək qərarına gələrsə, dövlət məktəbi müvafiq əsaslandırmanı razılaşdırmaq üçün həmin məktəbin yerləşdiyi ərazi üzrə fəaliyyət göstərən müvafiq təhsil resurs mərkəzinə təqdim etməyə borcludur. Abxaziya və Acara Muxtar Respublikalarının ərazisində yerləşən dövlət məktəbləri üçün isə əsaslandırma eyni prosedurlara riayət edilməklə təhsil sahəsində səlahiyyətli müvafiq nazirliyə təqdim edilir.

Yekun tapşırıq komponentində yaradıcılıq və kontekst tələb edən, əldə edilmiş biliklərin praktikada tətbiqini və kompleks problemlərin həllini nəzərdə tutan tapşırıqlardan istifadə edilməsi məcburidir (məsələn, esse, layihə, tədqiqat/sahə hesabatı, yaradıcı məhsul, məlumatların təhlili və s.).

Yekun tapşırığın etibarlılığını və obyektivliyini təmin etmək üçün əvvəlcədən hazırlanmış qiymətləndirmə meyarlarından (qiymətləndirmə rubrikasından) istifadə edilməsi məcburidir. Tədris prosesinin şəffaflığını təmin etmək məqsədilə bu meyarlar əvvəlcədən şagirdə təqdim edilir.

Əgər dövlət məktəbinin şagirdi dərsə davam etmədiyinə görə hər hansı yekun tapşırığı yerinə yetirə bilməzsə, məktəb ona buraxdığı yekun tapşırıqları bərpa etmək imkanı verməyə borcludur. Yekun tapşırıqların bərpası müddətləri və onların keçirilmə forması məktəbin tədris planı ilə müəyyən edilir.

I–IV siniflərdə və V sinfin birinci semestrində bütün qiymətləndirmə komponentlərində yalnız inkişafetdirici qiymətləndirmədən istifadə olunur. Bununla yanaşı, ibtidai pillədə (I–VI siniflər) ev tapşırığı komponenti yalnız inkişafetdirici qiymətləndirmə ilə qiymətləndirilir.

Əgər şagirdin sinifdə hər hansı fənn üzrə illik qiyməti 5,0-dan aşağıdırsa, məktəb payız imtahanı keçirilməzdən əvvəl şagirdə remediasiya proqramı təklif etməyə borcludur.

Xəstəxanaya yerləşdirilmə səbəbindən təhsildə çətinlik yarandığı halda, məktəb şagirdin təhsilini və qiymətləndirilməsini remediasiya proqramı və/və ya evdə təhsil imkanı vasitəsilə həyata keçirməyə borcludur”, - deyə milli tədris planında qeyd edilib.

ŞƏRH YAZ
0