Gürcüstanda bina və qurğuların təhlükəsizliyi ilə bağlı yeni qaydaların qüvvəyə minməsi qismən təxirə salınıb.
Aktual.ge xəbər verir ki, hökumətin №41 saylı qərarına edilmiş dəyişikliyə əsasən, müəyyən hallarda yeni normaların tətbiqinin dayandırılması müddəti 2027-ci il martın 1-dək uzadılıb.
Bu təxirəsalma "Mülki təhlükəsizlik haqqında" qanunla müəyyən edilmiş dövlət yanğın nəzarəti obyektlərinə aid olmayan obyektlərə şamil edilir. Əvvəlki redaksiyada istisna müddəti 2026-cı il sentyabrın 1-dək müəyyən edilmişdi.
2027-ci ilin mart ayınadək qüvvəyə minməsi təxirə salınan tənzimləmələr:
Təxirəsalma yanğınsöndürmə-xilasetmə texnikasının giriş yollarının və hündürmərtəbəli binalarda xilasetmə meydançalarının yaradılması standartlarını müəyyən edən müddəalara aiddir.
Giriş yollarının planlaşdırılması (915-ci yarımbölmə)
Daha konkret olaraq, dəyişiklik yanğınsöndürmə və qəza-xilasetmə texnikasının hərəkəti və bina-qurğuya giriş yollarının planlaşdırılması ilə bağlıdır. Tikinti planının və/və ya tikintinin detallı planının hazırlanması zamanı, həmçinin tikintiyə icazənin verilməsinin ilk mərhələsindən etibarən xüsusi texnikanın hərəkətinin və giriş yollarının əvvəlcədən nəzərdə tutulması məcburi olur. Bu tələb fərdi yaşayış evlərinə şamil edilmir.
Hündürmərtəbəli binalar üçün xilasetmə meydançaları (916-cı yarımbölmə)
Tənzimləmə hündürmərtəbəli binalardan insanların helikopter vasitəsilə təxliyəsi üçün nəzərdə tutulan yanğınsöndürmə-xilasetmə kabinəsinin meydançasının planlaşdırılmasını, tikilməsini və istifadəsini nəzərdə tutur. Konkret olaraq, hündürlüyü 75 metrdən çox olan binaların damında ən azı bir belə meydançanın yaradılması məcburi olur və həmin meydança müəyyən edilmiş texniki tələblərə cavab verməlidir. Bundan əlavə, sənəddə yanğınsöndürmə-xilasetmə kabinəsi meydançasının müxtəlif şərtlərə uyğun olması nəzərdə tutulur.