ABŞ-da sığınacaq almaq üçün saxta sənədlər hazırlayan şəxs Gürcüstana ekstradisiya edilib - VİDEO
Bugün
169
Siyasət
A
ABŞ-da sığınacaq almaq üçün saxta sənədlər hazırlayan şəxs Gürcüstana ekstradisiya edilib - VİDEO

Gürcüstan Baş Prokurorluğunun vəsatəti əsasında transmilli mütəşəkkil cinayətdə ittiham olunan Giorgi Xatiaşvili Argentinadan Gürcüstana ekstradisiya edilib. Bu barədə Gürcüstan Baş Prokurorluğu məlumat yayıb.

Aktual.ge xəbər verir ki, qurumun məlumatına görə, Giorgi Xatiaşvili digər təqsirləndirilən şəxslərlə birlikdə maddi qazanc əldə etmək məqsədilə cinayətkar qrup yaradıb. Qrup ABŞ-da sığınacaq almaq istəyən Gürcüstan vətəndaşları üçün saxta hekayələr və bu hekayələri təsdiqləyən saxta sənədlər hazırlayıb.

İstintaqın versiyasına görə, həmin şəxslər Gürcüstanda siyasi baxışlarına, cinsi oriyentasiyalarına və ya hüquq-mühafizə orqanları tərəfindən təqib olunmalarına görə təzyiqlərlə üzləşdikləri barədə uydurma məlumatlar hazırlayıblar.

Prokurorluğun bildirdiyinə görə, 2023–2026-cı illərdə qrupun xidmət təklif etdiyi 1000-dən çox şəxs müəyyən edilib. Qrup üzvlərinin onlardan təxminən 600 min lari, 2 milyon 250 min ABŞ dolları və 12 500 avro aldıqları bildirilir.

Giorgi Xatiaşviliyə qarşı xarici ölkədə qanunsuz qalmağa kömək etmək, sığınacaq almaq üçün saxta məlumatların təqdim edilməsini təşkil etmək və saxta rəsmi sənədlər hazırlayıb satmaq ittihamları irəli sürülüb. İş üzrə daha 9 nəfər də məsuliyyətə cəlb edilib.

Baş Prokurorluğun məlumatına görə, Gürcüstan prokurorluğu və ABŞ səfirliyinin Regional Təhlükəsizlik Xidmətinin birgə fəaliyyəti nəticəsində cinayətkar qruplar müəyyən edilib. Qurum həmçinin ABŞ Federal Təhqiqat Bürosu və digər beynəlxalq tərəfdaşlarla əməkdaşlığın davam etdiyini vurğulayıb.

Prokurorluq Argentinanın səlahiyyətli orqanlarının ekstradisiya ilə bağlı vəsatəti tam təmin etdiyini bildirib və bu işi Avropa və regiondan kənar ölkədən həyata keçirilən ilk ekstradisiya kimi qiymətləndirib.

ŞƏRH YAZ
0