"Bu, Brüsselin yeni yanaşması deyil. Tənqidlə qarşılaşdığımız zaman bu tənqidin sağlam müzakirə ilə müşayiət olunmasını istəyirik. İllərdir bunu tələb edirdik, bu gün də tələb edirik, lakin onlar bu müzakirəyə qoşula bilmirlər".
Aktual.ge xəbər verir ki, bunları hakim "Gürcü Arzusu"nun Parlament çoxluğunun lideri İrakli Kirtsxaliya Aİ-nin ali nümayəndəsi Kaya Kallasın bəyanatını şərh edərkən, çoxluğun iclasından sonra keçirdiyi brifinqdə deyib.
O, Kaya Kallasın bəyanatını birtərəfli və həyasız adlandırıb.
“Brüsseldə də müzakirəyə qoşula bilmirlər, onların diplomatik korpusunun nümayəndələri də bu müzakirəyə qoşula bilmirlər. Onların idarə etdiyi agentura da müzakirəyə qoşula bilmir. Özlərinə müxalifət adı verənlər isə qulağına qədər itaətkar qullar kimi onlara tabe olur və onların idarəçiliyi altında fəaliyyət göstərirlər. Hakimiyyət komandası və cəmiyyətlə müzakirəyə başlamaq çox çətindir. Gürcülərə deyəndə və onlardan tələb edəndə ki, guya şəffaflıq haqqında qanun qəbul edilməməlidir və guya Avropa yolu qeyri-şəffaflıqdan keçir, müzakirəyə qoşulmaq çox çətin olur.
İnanca, ləyaqətə və özünəhörmətə əsaslanan gürcü xalqına və istənilən özünəhörmətli millətə guya LGBTQ kampaniyasının qadağan edilməsinin Avropaya uyğun olmadığını deyəndə müzakirəyə qoşulmaq çox çətindir.
Gürcülərə Ədliyyə Evinə gedən kişinin qadına, yaxud qadının kişiyə çevrilə biləcəyini deyəndə müzakirəyə qoşulmaq çox çətindir.
Gürcülərə ölkəmizdə eynicinsli nikahlara icazə verməli olduğumuzu və guya bunun avropalılıq olduğunu deyəndə də müzakirəyə qoşulmaq çox çətindir. Onlar məhz bu qanunlardan danışırlar, artıq illərdir ki, onların ləğvini istəyirlər, lakin bu məsələlər ətrafında müzakirəyə qoşula bilmirlər.
Polisin yandırılmasının, inzibati binaların yandırılmasının, 'Molotov kokteylləri'nin atılmasının və inqilabi ssenarilərin guya ifadə və söz azadlığı olduğunu gürcülərə söylədiyin bir ölkədə hakimiyyət komandası və cəmiyyətlə müzakirəyə başlamaq çox çətindir.
Bunu gürcülərə və özünəhörmətli, düşünən istənilən millətə demək və sübut etməyə çalışmaq çətindir. Təbii ki, biz belə həyasız bəyanatların şahidi oluruq.
Şəffaflıq haqqında bu qanuna ‘Rusiya qanunu’ damğası vurulanda müzakirəyə başlamaq çox çətindir. Onlar bu böyük saxtakarlığın əsas müəlliflərindən biridir, bizdəki agentura da həmin saxtakarlığın həmmüəllifidir. Məhz bu saxtakarlığı ‘Rusiya qanunu’ adlandırdılar. Bunun niyə Rusiya qanunu olduğunu soruşub izah tələb edəndə isə müzakirəyə başlamaq çox çətin olur. Biz yalnız birtərəfli və həyasız bəyanatlar eşidirik.
Məhz bu cür həyasız bəyanatlar onların nüfuzuna və Avropa İttifaqının əsaslandığı dəyərlərə kölgə salır. Təəssüf ki, buna görə biz təkcə Gürcüstanda deyil, Avropa İttifaqının özündə də onun nüfuzuna, reytinqinə və ümumilikdə siyasi baxışlarına olan etimadla bağlı sorğuların nəticələrini görürük. Həmçinin Aİ-yə üzv ölkələrin əhalisinin bu gün Brüsseldəki siyasi hakim elitanın həyata keçirdiyi siyasət barədə hansı təəssürat və fikirlərə malik olduğunu göstərən sorğularla da qarşılaşırıq”, – deyə İrakli Kirtsxaliya qeyd edib.