Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin Narkotiklərin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Baş İdarəsi və Acarıstan Polis Departamentinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində müxtəlif vaxtlarda 4 xarici ölkə vətəndaşı saxlanılıb.
Aktual.ge xəbər verir ki, saxlanılan şəxslər xüsusilə külli miqdarda narkotik vasitələrin dəfələrlə qanunsuz olaraq əldə edilməsi və saxlanılması, eləcə də onların satışına yardım etməkdə ittiham olunurlar.
Hüquq-mühafizə orqanlarının əməkdaşları Batumidə şübhəlilərin üzərində, müvəqqəti yaşadıqları mənzillərdə və avtomobillərində aparılan axtarışlar zamanı satış üçün hazırlanmış, xüsusilə külli miqdarda müxtəlif növ narkotik vasitələr aşkar edərək maddi sübut kimi götürüblər. Aşkar edilən narkotik vasitələr arasında 243 bükümdə qablaşdırılmış metadon və 50 qrama yaxın tetrahidrokannabinol da var.
İstintaq tədbirləri çərçivəsində narkotik vasitələrin qablaşdırılması üçün nəzərdə tutulmuş materiallar da götürülüb.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsi ilə istintaq aparılır. Sözügedən maddələr 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.