Bu bizneslə bağlı Gürcüstanda kütləvi xarakter daşıyan kommersiya surroqatlığını kimin himayə etdiyi barədə əsaslı şübhələr və suallar mövcud idi. Buna görə də Gürcüstan Patriarxlığının bu istiqamətdə mövqeyi məntiqli idi.
Aktual.ge xəbər verir ki, bunları “Vahid Milli Hərəkat” partiyasının İdarə Heyətinin sədri İrakli Pavlenişvili deyib.
Onun sözlərinə görə, kommersiya surroqatlığı qadın hüquqlarının pozulması və insan alveri risklərini artırır.
“Surroqatlıq məsələsinə gəlincə, ‘Milli Hərəkat’ın mövqeyi belədir: Avropa İttifaqına üzv ölkələrin əksəriyyətində kommersiya surroqatlığı qadağandır. Bu, təkcə katolik deyil, həm də pravoslav ölkələri də daxil olmaqla, xristian ölkələrinin tətbiq etdiyi praktikadır. Çünki kommersiya surroqatlığı qadın hüquqlarının pozulması və insan alveri risklərini artırır. Ümumiyyətlə, bu bizneslə bağlı Gürcüstanda kütləvi kommersiya surroqatlığını kimin himayə etdiyi barədə əsaslı şübhələr və suallar var idi. Buna görə də Gürcüstan Patriarxlığının bu istiqamətdə mövqeyi məntiqli idi. Lakin ölkədəki demoqrafik fəlakəti və övladı olmayan ailələrin uşaq sahibi olmaq imkanına malik olmasının vacibliyini nəzərə alaraq, hesab edirik ki, Yunanıstan təcrübəsi öyrənilməlidir. Həmin ölkədə altruistik surroqatlıq tətbiq olunur. Yəni övladı olmayan ailələr bu üsulla uşaq sahibi ola bilirlər. Düşünürük ki, bu, yalnız insani məsələ deyil, həm də milli və demoqrafik əhəmiyyət daşıyan məsələdir.
Ölkədə demoqrafik baxımdan fəlakətli vəziyyət yaranıb və bu, dövlətimiz üçün mövcudluq təhlükəsi yaradır. Bu baxımdan, altruistik surroqatlığın ölkədə tətbiq olunması üçün mövcud təcrübəni təkmilləşdirmək xüsusilə vacibdir. Beləliklə, övladı olmayan ailələr uşaq sahibi olmaq imkanı əldə edə bilərlər”, - deyə müxalif lider qeyd edib.
Qeyd edək ki, "Gürcü Arzusu" iqtidarı Gürcüstanda surroqat analığın qadağan edilməsi barədə qərar qəbul etdiklərini açıqlayıb. Bildirilib ki, qanunlayihəsi yaxın vaxtlarda Parlamentə təqdim ediləcək.
Xatırladaq ki, 2023-cü ildə Gürcüstan Parlamentində surroqatlıq və donor xidməti ilə bağlı “Tibbi yardım vasitəsilə reproduksiya haqqında” adlı xüsusi qanun layihəsi qeydiyyata alınıb. Layihənin təşəbbüskarı hökumət, hazırlayan qurum isə Səhiyyə Nazirliyi olub.
2023-cü il qanun layihəsinin əsas istiqamətləri aşağıdakılar idi:
- Xarici ölkə vətəndaşlarının Gürcüstanda surroqatlıq və süni mayalanma (İVF) xidmətlərindən istifadəsinin məhdudlaşdırılması;
- Surroqatlıq və donor proseslərinin ciddi hüquqi tənzimlənməsi;
- Donorların və resipiyentlərin hüquq və vəzifələrinin müəyyən edilməsi;
- Donorluğun təmənnasızlıq prinsipi əsasında həyata keçirilməsi;
- Reproduktiv xidmətlər üzrə vahid milli reyestrin yaradılması;
- Klinikaların fəaliyyətinə nəzarət və keyfiyyət standartlarının müəyyən edilməsi.
Qanun layihəsinə əsasən, surroqatlığa yalnız Gürcüstan vətəndaşları üçün icazə verilməsi nəzərdə tutulurdu. Qanunvericilik paketi parlament komitələrində müzakirə mərhələsindən keçsə də, sonradan onunla bağlı müzakirələr dayandırılıb.