"Gürcüstanda surroqat analığın qadağan edilməsi barədə qərar qəbul etmişik. Bu məsələ ilə bağlı Gürcüstan Patriarxlığı ilə fəal müzakirələr aparırıq və müvafiq qanun layihəsi yaxın gələcəkdə parlamentə təqdim olunacaq".
Aktual.ge xəbər verir ki, bu barədə Parlament çoxluğunun lideri İrakli Kirtsxaliya çoxluğun iclasından sonra açıqlama verib.
Onun sözlərinə görə, bu qərarın əsas səbəbi surroqat analıqla bağlı ciddi etik və hüquqi risklərdir.
O deyib:
“İctimaiyyətə məlumat vermək istəyirəm ki, Gürcüstanda surroqat analığın qadağan edilməsi barədə qərar qəbul etmişik. Bu məsələ ilə bağlı Gürcüstan Patriarxlığı ilə fəal ünsiyyət və müzakirələr aparırıq. Müvafiq qanun layihəsi yaxın gələcəkdə parlamentə təqdim olunacaq.
Bu qərarın əsasını surroqat analıqla əlaqəli ciddi etik və hüquqi risklər, xüsusilə insan alveri – insan qaçaqmalçılığı, qadınların mümkün istismarı və uşaqların hüquqlarının müdafiəsi ilə bağlı narahatlıqlar təşkil edir.
Surroqat analığın qadağan edilməsinin müəyyən iqtisadi təsirlərə səbəb ola biləcəyini yaxşı anlayırıq. Lakin hesab edirik ki, iqtisadi fayda qeyd olunan riskləri və etik problemləri üstələyə bilməz”.
Onun sözlərinə görə, Gürcüstanda surroqat analıq xidmətindən istifadə edənlərin 98 faizi xarici ölkə vətəndaşlarıdır. Dövlət isə öz vətəndaşlarına analıq və valideynlik hüquqlarının qorunması istiqamətində maksimum dəstək göstərəcək.
İrakli Kirtsxaliya fikirlərini belə davam etdirib:
“İnsan alverindən və bununla bağlı risklərdən danışarkən, əlbəttə ki, konkret məlumatlara əsaslanırıq. Amma sizdən xahiş edirəm, məni burada hansı faktlara malik olduğumuzu açıqlamağa məcbur etməyin. Bununla belə, bir məqamı qeyd edəcəyəm və əminəm ki, həm sizin, həm də ictimaiyyətin bunu anlaması çox asan olacaq.
Uşaq ölkədən çıxaraq müxtəlif ölkələrə aparıldıqda və həmin ölkələrə gedişlə bağlı heç bir məhdudiyyət olmadıqda, bütün bu proses bizim dövlətimizin ərazisində baş verir. Uşaq bizim məsuliyyətimiz altında, ölkəmizdə dünyaya gəlir, lakin bundan sonra onun taleyi, hara aparılması ilə bağlı sıfır nəzarət imkanımız olur. Gəlin, bu məsələni bununla yekunlaşdıraq. Təsdiq edirəm ki, bizə çoxsaylı faktlar məlumdur.
Risklərə gəlincə, burada kiçik bir statistikanı da diqqətinizə çatdırım. Bu mövzunun kommersiyalaşdırılmasından danışarkən dəqiq rəqəmləri mütləq açıqlayacağıq. Bu sahədə baş verən prosesləri 100 faizlik göstərici əsasında götürsək, ölkəmizdə bu xidmətdən istifadə edənlərin 98 faizi Gürcüstan vətəndaşı deyil.
Təxminən 2 faizi Gürcüstan vətəndaşlarıdır. Təbii ki, həmin 2 faizin də bu xidmətdən artıq istifadə edə bilməyəcəyi ilə bağlı sual verməsi tamamilə qanunauyğundur. Lakin inanın ki, biz dövlət olaraq hər şeyi edəcəyik, xahiş edirəm, məni konkret detallara varmağa məcbur etməyin, analıq və valideynlik hüququ məsələsi gündəmə gəldikdə vətəndaşlarımıza bütün mümkün yollarla maksimum dəstək göstərəcəyik.
Ancaq bu cür risklərdən danışdığımız və indicə sizə 98 faizin 2 faizlə müqayisəsini göstərdiyim zaman inanın ki, biz elə bir cəmiyyətik, elə bir ölkəyik, elə bir düşüncə tərzinə, inanca və dünyagörüşünə sahibik ki, həmin 2 faiz, hətta 1,5 faiz belə, sadaladığımız çox böyük risklərə anlayışla yanaşacaq”.