Qardabani bələdiyyəsinin Qaracala kəndində baş verən müvafiq hadisə ilə əlaqədar polis bir nəfəri saxlayıb.
Aktual.ge xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) məlumatına görə, saxlanılan şəxs ağırlaşdırıcı hallarda qəsdən adam öldürməyə cəhdə kömək etməkdə ittiham olunur.
Mövcud məlumata əsasən, hadisə nəticəsində xəsarət alan olmayıb.
“Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamenti Qaracala kəndində baş verən hadisə ilə əlaqədar bir nəfəri saxlayıb. Saxlanılan şəxs ağırlaşdırıcı hallarda qəsdən adam öldürməyə cəhdə kömək etməkdə ittiham olunur.
İkinci şəxsin saxlanılması məqsədilə müvafiq əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir”, – məlumatda bildirilib.
Qurumun məlumatına görə, faktla bağlı Cinayət Məcəlləsinin 25-ci, 19-109-cu, 236-cı və 187-ci maddələri ilə istintaq aparılır. Həmin maddələr ağırlaşdırıcı hallarda qəsdən adam öldürməyə cəhdə şərikliyi, odlu silahın qanunsuz əldə edilməsini, saxlanılmasını və daşınmasını, eləcə də əhəmiyyətli zərərə səbəb olan özgə əmlakının zədələnməsini və ya məhv edilməsini nəzərdə tutur.
Aktual.ge xəbər portalının Qaracalar kəndindən ədlə etdiyi məlumata görə, Qaracala kəndində iş adamının avtomobili silahlı hücuma məruz qalıb. Mövcud məlumata görə, iş adamının avtomobilinə öz restoranının qarşısında silahlı hücum olub, xoşbəxtlikdən hadisə nəticəsində xəsarət alan olmayıb.