“10 illik sınaq müddəti Avropa İttifaqına üzvlüyün başdan-başa dəyərdən salınması deməkdir”.
Aktual.ge xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Avropa İttifaqının yeni üzvlər üçün 10 illik sınaq müddəti tətbiq etməsi qərarına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, bu qərar “Avropa bürokratiyasının Avropa İttifaqının obyektiv maraqlarına uyğun hərəkət etmədiyinin göstəricisidir”.
“Avropa İttifaqına üzvlüyün tamamilə dəyərdən salınması çox ağır haldır. Bu 10 illik sınaq müddəti Avropa İttifaqına üzvlüyün başdan-başa dəyərdən salınması deməkdir. Bu o deməkdir ki, Avropa bürokratiyası Avropa İttifaqının obyektiv maraqlarına uyğun hərəkət etmir. Avropa İttifaqına üzvlüyün tamamilə dəyərdən salınmasının bundan başqa izahı ola bilməz”, – deyə İrakli Kobaxidze vurğulayıb.
Avropa İttifaqının səfirləri yeni üzv ölkələr üçün 10 illik sınaq müddətinin tətbiqini dəstəkləyiblər. Prosesin Monteneqrodan başlanacağı gözlənilir.
“Euronews”un məlumatına görə, bu müddət ərzində “Orban üslubunda” pozuntulara yol veriləcəyi təqdirdə, həmin ölkələrin səsvermə hüququnun dayandırılması mümkün olacaq.
Gələn həftənin əvvəlində tərəflərin müqavilənin müvafiq hissəsinin layihəsi ilə bağlı ilk texniki müzakirəni aparacağı gözlənilir.