Müxalif “Dəyişikliklər üçün” koalisiyasının lideri Nika Qvaramia iddia edib ki, ölkədə növbədənkənar seçkilər keçiriləcək və müxalifət bu proses üçün ədalətli qaydaların müəyyənləşdirilməsi üzərində işləyir.
Aktual.ge xəbər verir ki, o, bu açıqlamanı müxalif alyans və ekspertlərin görüşündən sonra verib.
Onun sözlərinə görə, müzakirələrin əsas mövzusu cəmiyyətin etimadını qazanacaq seçki mühitinin yaradılmasıdır. Onun dediyinə görə, müxalifət hesab edir ki, seçkilərin keçirilməsi üçün “Gürcü Arzusu” hakimiyyəti ədalətli şərtlərlə proses təyin etməyə məcbur edilməlidir.
“Çoxlu iradlar aldıq və çox mübahisə etdik. Məncə, bu düzgündür. Amma hamımız bilməliyik ki, Gürcüstanda ədalətli seçkilərin keçirilməsi mümkündür. Bunun üçün iradə olmalıdır və əgər kimdəsə, bu halda hakimiyyətdə, belə bir iradə yoxdursa və həqiqətən də yoxdur, onu buna məcbur etməliyik, seçkiləri təyin etməyə və keçirməyə. Xalq bilməlidir ki, biz seçkiləri necə görürük və necə başa düşürük, həmçinin bu prosesdə iştirak etməyə hazırıq. Bir daha hamıya müraciət edirəm: əgər kiməsə 'çağırış' sözü xoş gəlmirsə, ümumiyyətlə mövqenin formalaşdırılmasına qoşulsun. Bu, yalnız alyansın mövqeyi deyil, hamının ortaq mövqeyi olmalıdır, nəyə seçki deyirik, nəyə isə yox. Seçkilər növbədənkənar olacaq və ədalətli qaydalarla keçirilməlidir”, - deyə Nika Qvaramia söyləyib.
Məlumat üçün bildirək ki, bu gün müxalif alyans ekspertlərlə birlikdə ölkədə növbəti seçkilərin keçirilməsi qaydalarını müzakirə edib. Müzakirələrin əsas mövzusu Mərkəzi Seçki Komissiyasının formalaşdırılması modeli olub.
Müxalifət nümayəndələri deyirlər ki, MSK cəmiyyətin yüksək etimad göstərdiyi şəxslərlə formalaşdırılmalıdır. Onların sözlərinə görə, bunun üçün komissiya üzvlərinin seçilmə qaydası dəyişdirilməli, hər hansı siyasi qüvvənin dominantlığı istisna olunmalıdır.
Müxalifətin dediyinə görə, yeni altı maddəlik plan həmçinin xaricdə əlavə seçki məntəqələrinin açılmasını və qeydiyyat prosedurlarının sadələşdirilməsini nəzərdə tutur ki, xaricdə yaşayan Gürcüstan vətəndaşları da seçkilərdə iştirak edə bilsinlər.