Brüsseldə Gürcüstan nümayəndə heyəti ilə Avropa Komissiyasının nümayəndə heyəti arasında viza dialoqu çərçivəsində ilk görüş keçirilib.
Aktual.ge xəbər verir ki, görüşdə Avropa Komissiyasının 6 mart 2026-cı il tarixli icraedici qərarı, xüsusilə Gürcüstanın diplomatik, xidməti və rəsmi pasport sahibləri üçün vizasız rejimin müvəqqəti dayandırılması məsələsi müzakirə olunub.
Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatına görə, Avropa Komissiyasının qərarı ölkədəki vəziyyəti qərəzli şəkildə qiymətləndirən hesabat əsasında qəbul edilib. Nazirlik hesab edir ki, həmin hesabat obyektiv nəticələr çıxarmağa imkan vermir və diplomatik, xidməti pasport sahibləri üçün vizasız rejimin dayandırılması barədə qərar kifayət qədər əsaslandırılmayıb.
Bununla belə, tərəflər arasında keçirilən dialoq zamanı Avropa İttifaqının vizasız rejimin dayandırılması mexanizmini işə salmaq üçün göstərdiyi səbəblər, Avropa Komissiyasının tövsiyələri və Gürcüstanın onların icrası istiqamətində atdığı addımlar müzakirə edilib.
Gürcüstan tərəfi bildirib ki, ölkə Konstitusiyası və qüvvədə olan qanunvericilik vətəndaşların əsas hüquq və azadlıqlarını, o cümlədən ifadə, toplaşmaq, nümayiş keçirmək, birləşmək, şəxsi həyatın toxunulmazlığı və bərabərlik hüquqlarını təmin edir. Həmçinin insan hüquqlarının müdafiəsi üzrə milli mexanizmlərin effektiv fəaliyyət göstərdiyi və aidiyyəti institutların gücləndirilməsi istiqamətində işlərin davam etdiyi vurğulanıb.
Görüşdə qeyd olunub ki, ölkədə siyasi partiyalar və vətəndaş cəmiyyəti nümayəndələri tərəfindən uzun müddətdir mütəmadi olaraq keçirilən etiraz aksiyaları dinc toplaşmaq hüququnun təmin olunduğunu göstərir.
Nazirliyin məlumatına görə, 2024-cü ildə baş vermiş zorakılıq xarakterli aksiyalar və dövlət qurumlarına qarşı hücumlarla bağlı araşdırmalar davam etdirilir. Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən səlahiyyət həddinin aşılması və digər qanun pozuntularının araşdırılması istiqamətində tədbirlər görülür. Bildirilib ki, etiraz aksiyalarının dağıdılması zamanı hüquq-mühafizə əməkdaşlarının səlahiyyət həddini aşması və bir jurnalistin peşə fəaliyyətinə mane olunması faktları üzrə beş nəfər barəsində cinayət işi aparılır.
Gürcüstan tərəfi seçilmiş qanunverici orqan tərəfindən qəbul edilmiş qanunların ləğvi tələblərini əsassız adlandırıb. Rəsmi Tbilisinin mövqeyinə görə, həmin qanunlar milli və ictimai maraqlardan irəli gələrək qəbul olunub və Gürcüstanın qoşulduğu beynəlxalq konvensiya və sazişlərə zidd deyil.
Görüş zamanı miqrasiya idarəçiliyi, qanunsuz miqrasiyanın qarşısının alınması və readmissiya sahəsində əldə olunan nəticələr də nəzərdən keçirilib. Gürcüstanın Avropa İttifaqına üzv dövlətlər və aidiyyəti qurumlarla fəal əməkdaşlıq etdiyi vurğulanıb.
Bundan əlavə, korrupsiyaya qarşı mübarizə sahəsində görülən işlər, əmlakın izlənilməsi idarəsinin yaradılması, yeni antikorrupsiya strategiyasının hazırlanması və Dövlət Audit Xidmətinin institusional imkanlarının gücləndirilməsi məsələləri də müzakirə olunub.
İşçi qrup Gürcüstan hökumətinin Avropa İttifaqı ilə vizasız rejimin davamlılığını təmin etmək məqsədilə praktiki məsələlər üzərində işləməyə davam etdiyini qeyd edib.