Bu gün, 12 iyun Marneuli Mərkəzi Hz. İmam Əli (ə) Məscidində Cümə xütbəsi səs-küylü keçib.
Aktual.ge xəbər verir ki, Mərkəzi Məscidin axundu, imamcümə Hacı Hacıyev minbərdən kəskin sözlərlə çıxış edib.
O, çıxışı zamanı Marneuli merinin, parlamentin deputatının, eləcə də bələdiyyə üzvlərinin əsas vəzifəsinin xalqa xidmət etmək olduğuna işarə edib.
"Gərək vəzifəndən insanlar üçün xidmət edəsən, öz çıxarların üçün yox; o vəzifə sənin əlində əmanətdir. Fərq etməz, istər şəhərin meri, istər parlamentin deputatı, istərsə də bələdiyyə deputatı olasan, vəzifə sənə verilib ki, şəhərdə və ya məntəqədə yaşayan insanların problemlərinə əlindən gəldiyi qədər kömək edəsən.
Sən hey insanların başını yalanla qapazlamayasan. Beş ildən, on ildən, altı ildən, aylarla danışmaqdansa, gərək insanlara çıxış yolu göstərəsən, çünki səndən onu gözləyirlər. Vəzifə sənin əlində əmanətdir, Allah onu sənə əmanət verib və o vəzifədən insan gərək milləti üçün istifadə edə", - söyləyib Hacı Hacıyev.
İmamcümə çıxışında Qızılhacılı kəndindəki təbii qazın üç gün olmamağınada toxunub.
"Bu müasir dövrdə struktur elə bir vəziyyətdədir ki, dövr elə gətirib ki, yarım saat belə işığın olmamağını insanlar həzm edə bilmirlər. Görürsən, yarım saat işıq kəsiləndə ailədə hər şey bir-birinə dəyir - hər barədə, ailənin məişəti, yaşayışı bir-birinə dəyir... İndi bir məntəqədə [Qızılhacılı] üç gündür təbii qazın olmamağı, təbii ki, bu bir problemdir. Bunun yolu nədir? Razılaşmaqla, razılaşma yolundan gərək o insanların müşküllərini həll edələr.
Bu bir problemdir ki, üç-dörd gündür qaz yoxdur, insanlar narahatdırlar. Narahatlıqlarını da normal qarşılamaq lazımdır və onu çözmək lazımdır. Yolu nədir? Qanunu nədir? Haqqlar qorunaraq gərək çözülə.
Nəinki məsələni çözməyə gələsən və birinin haqqına təcavüz edəsən. Yox!
İslam deyir ki, haqqı bərpa et, amma bu şəkildə ki, heç bir kəsin haqqına təcavüz edilməsin.
İslam deyir, azadsan, amma başqalarının azadlığına mane olacaq həddə yox. Azadsan, onun da bir çərçivəsi var və bu məsələlər, inşallah, gərək yerini tapa, amma zülmlə yox" , - deyə Hacı Hacıyev qeyd edib.