Tam 72 saatdan sonra Marneuli bələdiyyəsinin Qızılhacılı kəndində və 26 May küçəsində təbii qazın verilişi bərpa olunub.
Aktual.ge-nin verdiyi xəbərə görə, bu gün saat 12:00-dan etibarən SOCAR tərəfindən qazın verilməsinə başlanılıb.
Mövcud məlumata əsasən, hazırda qazın təzyiqi zəifdir. Bu isə boru xətlərinin boş olması ilə əlaqədardır.
Əldə olunan məlumata görə, bu gün axşam saatlarından etibarən qazın normal qaydasına düşəcəyi gözlənilir.
NƏ BAŞ VERİB?
İyunun 9-u səhər saatlarından etibarən Marneuli bələdiyyəsinin Qızılhacılı kəndi və 26 May küçəsinin bir hissəsində təbii qazın verilişi dayandırılıb. Həmin ərazini qazla təmin edən "Mamed GAS" şirkətinin rəhbəri Nəriman Allahverdiyevin sözlərinə görə, qaz təchizatı SOCAR tərəfindən dayandırılıb. Onun sözlərinə əsasən, tariflərin artırılmasına razılıq vermədiklərinə görə SOCAR “Mamed GAS” şirkətinin abonentlərinə təbii qazın verilməsini dayandırıb.
"SOCAR Gas Export-Import" isə məsələyə reaksiya verərək qeyd edib ki, Gürcüstan "Mamed MMC" üçün sosial təyinatlı qaz təchizatı ciddi şəkildə səlahiyyətli orqan tərəfindən müəyyən edilmiş tarifə uyğun olaraq həyata keçirilir. Şirkətimizin sosial sektorda tarif müəyyən etmək səlahiyyəti yoxdur və bu, tamamilə müvafiq orqanın səlahiyyətindədir. Tarifin artırılması ilə bağlı bizə qarşı irəli sürülən bütün ittihamlar isə əsassızdır.
Şirkətdən verilən məlumatda vurğulanıb ki, ‘Mamed’ Şirkətini hüquqi çərçivəyə qayıtmağa və bazarın sosial seqmenti üçün müəyyən edilmiş qaydalara uyğun fəaliyyət göstərməyə dəvət etmişik, lakin bu, heç bir nəticə verməmişdir. Buna görə də, münasibətlərimiz tam həll olunana qədər kəskin tədbirlərə əl atmaq və ‘Mamed’ Şirkətinə qaz təchizatını dayandırmaq məcburiyyətində qaldıq.
Enerji şirkətləri arasında davam edən mübahisədən sonra prosesə SEMEK qoşulub və SOCAR-dan Qızılhacılı kəndinə qazın verilməsi ilə əlaqədar müraciət edib və bildirib ki, SEMEK yaxın vaxtlarda keçiriləcək ictimai iclasda 'Mamed MMC'yə xüsusi idarəçinin təyin olunması məsələsini müzakirə edəcək.
SEMEK-in müvafiq bəyanatından sonra "SOCAR Gas Export-Import" növbəti bəyanatında qeyd edib ki, SEMEK-in müraciətini nəzərə alaraq və əhali qarşısında yüksək sosial məsuliyyət prinsiplərini rəhbər tutaraq, 'SOCAR Gas Export-Import' şirkəti 12 iyun saat 12:00-dan etibarən əhaliyə qazın verilməsini bərpa edəcəkdir".