Avroparlamentin Gürcüstanla bağlı qətnamələri milli maraqlarımıza qarşı yönəlib | Boçorişvili
Bugün
145
Siyasət
A
Avroparlamentin Gürcüstanla bağlı qətnamələri milli maraqlarımıza qarşı yönəlib | Boçorişvili

Baş nazirinin müavini və xarici işlər naziri Maka Boçorişvili Avropa Parlamentinin (AP) Gürcüstanla bağlı qəbul etdiyi qətnamələri tənqid edərək, bu sənədlərin ölkənin milli maraqlarına zərər vurmaq və beynəlxalq nüfuzuna xələl gətirmək məqsədi daşıdığını bildirib.

Aktual.ge xəbər verir ki, onun sözlərinə görə, AP-nin qətnamələrinin hüquqi və siyasi baxımdan ciddi təsir gücü olmasa da, Gürcüstan tərəfi onları tamamilə diqqətdən kənarda qoya bilməz.

"Bu sənədlər müəyyən dairələrin formalaşdırdığı yanlış və təhrif olunmuş narrativlərə əsaslanır. Məqsəd Gürcüstanın maraqlarına zərər vurmaq və ölkənin nüfuzunu sarsıtmaqdır. Onların siyasi çəkisi olmasa da, bu cür yanaşma bizim üçün qəbuledilməzdir", - Boçorişvili bildirib.

Nazir qeyd edib ki, bəzi Avropa siyasətçilərinin illərdir davam edən kampaniyası Gürcüstanın milli maraqlarına qarşı yönəlib.

M.Boçorişvili AP-nin deputatı Rasa Yukneviçienenin Avropa İttifaqının (Aİ) genişlənməsi ilə bağlı videomüraciətinə də münasibət bildirib. O qeyd edib ki, Aİ-nin genişlənmə siyasətinin 2022-ci ildə yenidən aktuallaşması Ukraynadakı müharibədən sonra geosiyasi zərurətlə bağlı olub.

Nazirin sözlərinə görə, bir müddət Avropa Komissiyasının (AK) strukturunda hətta genişlənmə üzrə komissar vəzifəsi də mövcud olmayıb və Aİ-nin genişlənməsi prioritet hesab edilmirdi.

"Bu gün cəmiyyətimiz həmin proseslərin hansı məqsədlərlə həyata keçirildiyini daha dərindən təhlil etməlidir", – o vurğulayıb.

Boçorişvili Aİ-yə inteqrasiyanın Gürcüstan üçün xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırıb:

"Avropa İttifaqına inteqrasiya bizim tariximizə, mədəniyyətimizə və kimliyimizə əsaslanan strateji seçimdir. Bu, həm ideoloji, həm də praktiki baxımdan Gürcüstan üçün mühüm əhəmiyyət kəsb edir".

ŞƏRH YAZ
1