ABŞ İrana hücum edib
27.06.2026 02:29
593
Dünya
A
ABŞ İrana hücum edib

Hörmüz boğazında bir yük gəmisinə pilotsuz uçuş aparatı (PUA) ilə edilən hücumdan sonra bölgədə gərginlik yenidən artıb.

Aktual.ge xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp sözügedən yük gəmisinin İran tərəfindən hədəf alındığını və Tehranın bu hücumla atəşkəs razılaşmasını pozduğunu söyləyib. 

Tramp mümkün cavab tədbirlərinin görüləcəyinə də işarə edərkən, ABŞ ordusu hücumların başladığını açıqlayıb.

ABŞ Prezidenti hücumun İran tərəfindən həyata keçirildiyini iddia edərək, bu addımı ABŞ ilə İran arasında bağlanmış atəşkəs razılaşmasının "axmaqcasına pozulması" kimi qiymətləndirib. Tramp açıqlamasında deyib ki, bir yük gəmisinə qarşı ümumilikdə dörd PUA ilə hücum təşkil olunub: "Onlardan üçü ABŞ qüvvələri tərəfindən vurularaq zərərsizləşdirilib, lakin biri gəminin üst göyərtəsinə dəyərək ziyan vurub".

İrana qarşı mümkün cavab tədbirlərinin görülüb-görülməyəcəyi ilə bağlı suala isə Tramp "Bunu tezliklə öyrənəcəksiniz" cavabını verib.

İran mətbuatı ölkənin cənubunda yerləşən Hörmüzqan əyalətinin Sirik şəhərində partlayış səslərinin eşidilməsindən sonra şəhərdəki limanın hücuma məruz qaldığı məlumatını yayıb. İran dövlət televiziyasının hərbi mənbələrə istinadən yaydığı məlumata əsasən, Sirik şəhərində yerləşən Taheruyi limanı düşmən hücumuna məruz qalıb.

Mənbə həmçinin qeyd edib ki, İran Silahlı Qüvvələri gün ərzində Hörmüz boğazından "icazəsiz" keçməyə cəhd göstərən bəzi gəmilərə xəbərdarlıq atəşi açıb və həmin xəbərdarlıq atəşləri Sirik şəhərindən həyata keçirilib.

NƏ BAŞ VERMİŞDİ?

ABŞ ilə İran arasında əldə olunan razılaşmadan sonra ilk dəfə olaraq Hörmüz boğazı yaxınlığında ticarət gəmisinin hücuma məruz qaldığı barədə Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları Mərkəzi (UKMTO) məlumat yaymışdı.

UKMTO-nun açıqlamasına görə, Oman sahillərində hərəkətdə olan bir yük gəmisi mənşəyi hələ müəyyən edilməmiş mərmi ilə vurulmuşdu. Bildirilmişdi ki, mərmi gəminin idarəetmə körpüsü hissəsinə dəyərək ziyan vurub.

İRAN–ABŞ ARASINDA ƏLDƏ OLUNMUŞ RAZILAŞMA

İran və ABŞ Pakistanın vasitəçiliyi ilə aparılan danışıqlar çərçivəsində iyunun 14-də müharibənin dayandırılmasını və tərəflər arasında mövcud problemlərin danışıqlar yolu ilə həllini nəzərdə tutan 14 maddəlik razılaşma əldə etdiklərini açıqlamışdılar. "İslamabad Razılaşması" adlandırılan memorandum gecə saatlarında İran Prezidenti Məsud Pezeşkian və ABŞ Prezidenti Donald Tramp tərəfindən rəqəmsal formada imzalanaraq qüvvəyə minib.

Razılaşmada Livan da daxil olmaqla müharibənin dayandırılması, Hörmüz boğazının yenidən açılması və ABŞ-ın İrana tətbiq etdiyi dəniz blokadasının ləğv edilməsi kimi müddəalar yer alır.

Memorandumun imzalanmasından sonra tərəflərin yekun sazişin əldə olunması məqsədilə İranın nüvə proqramı və sanksiyaların aradan qaldırılması kimi məsələlər üzrə qısa müddət ərzində 60 günlük danışıqlar prosesinə başlaması gözlənilir.

Mənbə: Haberler.com

ŞƏRH YAZ
2