"Gürcü Arzusu" siyasi müxalifətə koordinasiyalı fiziki zorakılıqla cavab verdi.
"Aktual.ge" xəbər verir ki, "Qaxaria – Gürcüstan Naminə" partiyasının lideri Giorgi Qaxaria sosial şəbəkədəki paylaşımında ötən gün parlamentdə öz partiyasının deputatları ilə hakim partiyanın deputatları arasında baş vermiş yumruq davasına belə münasibət bildirib.
"Biz parlamentə daxil olduq ki, vətəndaşları, o cümlədən 'Gürcü Arzusu' səs verənləri öz ehtiyacları və problemləri ilə tək qoymayaq, hökumətin hesabatlılığını təmin edək və parlamentdə fərqli fikirlərin səsləndirilməsi üçün bütün parlament alətlərindən istifadə edək. Biz bu missiyamızdan yayınmadıq. 'Gürcü Arzusu' siyasi müxalifətə koordinasiyalı fiziki zorakılıqla cavab verdi. Həmkarımız Qiqa Parulavaya tibbi yardım lazım oldu", - deyə müxalif lider "X"də yazıb.
O qeyd edib ki, bu gün Gürcüstanda müxalifətdə olmaq fiziki təhlükəsizlik üçün risk yaradır.
"Bu zorakılığa hakimiyyətin ən yüksək pillələrində olan şəxslərin faydalandığı cəzasızlıq şərait yaradır", - deyə Giorgi Qaxaria yazıb.