“Tbilisidə istilik dalğaları güclənə bilər, çünki elə bir tikinti strukturumuz var ki, şəhərdə havalandırma zəif baş verir – paytaxt üçün təkcə bu il yox, sonrakı illərdə də yay fəsli çətin keçəcək”.
Aktual.ge xəbər verir ki, bu barədə “Gürcüstanın Yaşıllar Hərəkatı / Yer Kürəsinin Dostları” təşkilatının sədri, ekspert Nino Çxobadze məlumat verib.
Onun sözlərinə görə, iqlim dəyişikliyi şəraitində sahilyanı bölgələrdə fırtınalararta bilər.
Nino Çxobadze qeyd edib ki, hər bir vətəndaşa müxtəlif təbii fəlakətlər zamanı nə etməli olduqları barədə məlumat verəcək bir kampaniyanın hazırlanması mühümdür.
“Tbilisidə kifayət qədər çoxmərtəbəli binalar var ki, onlar da istilik dalğaları üçün maneə yaradır və istiliyin toplanmasına (konsentrasiyasına) səbəb olur. Bununla yanaşı, nədənsə şüşəbəndli binaları çox sevirik, bu isə bürkü və isti havalarda problem yaradır. Çünki bu binaları sərinləşdirmək həmişə daha çətindir və soyutma üçün böyük həcmdə elektrik enerjisi tələb olunur. Ehtimal edirik ki, Tbilisi üçün təkcə bu il yox, növbəti illərdə də yay çətin keçəcək" , - deyə ekspert söyləyib.
O, ölkənin sahilyanı bölgəsində fırtına proqnozu verib.
"Sahilyanı bölgələrdə dəniz dalğalanmaları və böyük fırtınalar gözləməliyik. Orada xəbərdarlıq sistemi və Fövqəladə Halların İdarə Olunması Xidməti yaxşı işləyir, sadəcə vətəndaşlar xəbərdarlıqlara qarşı daha diqqətli olmalıdırlar. Yayda uşaqları qızmar günəşin altına çıxarmasınlar. Günvurma hallarının yaşanmaması və istilik dalğası nəticəsində uşaqların halının pisləşməməsi üçün diqqətli olsunlar. Bundan əlavə, əhalini xəbərdar etməliyik ki, bol maye qəbul etsinlər və bu suyun mütləq şəkildə soyuducudan olması vacib deyil.
Təkcə bürkü deyil, ümumiyyətlə isti hava zamanı necə hərəkət etməli olduğumuz barədə məlumat kampaniyası olmalıdır. Eyni addım qəfil başlayan güclü yağışlar zamanı da atılmalıdır. Belə hallarda nə edəcəyimizi bilməliyik. Çox çətin bir dövrdəyik və hazırlığımız yoxdur. Sel hadisəsi zamanı söhbət yalnız səsdən getmir, güclü yağışın yağdığını görəndə qorxmalısan... Tbilisidə də qorxmalısan, çünki Tbilisidəki bütün çaylar dağ çaylarıdır və onlar üçün qəfil daşqınlar xarakterikdir. Heç kim deməsin ki, Tbilisidə qəfil su daşqınının baş verə biləcəyindən xəbərsizdir.
Bir çox küçələrdə yağış suları sistemi (kanalizasiya) işləmir. Bu qədər su kütləsini ötürə bilmir. İndi Tbilisi meriyası işləməli və bütün drenaj-yağış sistemlərinin ötürücülük qabiliyyəti yoxlanılmalıdır. Gah Tsereteli, gah Didi Diqomi və s. əraziləri su basır. Biz bu suların axıb getdiyi yolları bağlamışıq və indi su ötürülə bilmir, buna görə də hər şey yoxlanılmalıdır.
Cəmiyyət üçün çox aydın bir kampaniya aparılmalıdır; vətəndaşlar güclü yağış, külək, zəlzələ və ya digər təbii fəlakətlər zamanı necə davranmalı olduqlarını bilməlidirlər. Bundan əlavə, qapı-qapı gəzərək iş aparılmalı, hər bir insana nə etməli olduğu izah edilməlidir”, - deyə Nino Çxobadze "Palitra" radiosuna danışıb.