Güclü yağış və şimşəkli hava şəraitinə baxmayaraq, Tbilisi Beynəlxalq Hava Limanı fəaliyyətini adi rejimdə davam etdirir.
Aktual.ge xəbər verir ki, bu barədə Şota Rustaveli adına Tbilisi Beynəlxalq Hava Limanı məlumat yayıb.
"Sərnişinlərin və əməkdaşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə, təhlükəsizlik protokoluna uyğun olaraq, gəliş terminalında sərnişinləri qarşılayan şəxslər üçün nəzərdə tutulmuş gözləmə sahəsi müvəqqəti bağlanıb" , - açıqlamada deyilir.
Bildirilib ki, hazırda Tbilisiyə gələn sərnişinlər hava limanını müvəqqəti olaraq daxili reyslər üçün nəzərdə tutulmuş çıxış qapısından tərk edirlər.
"Pis hava şəraiti və şimşək səbəbindən yalnız üç reys marşrutunu dəyişərək Kutaisi, Almatı və Bakı hava limanlarına yönləndirilib" , - açıqlamada qeyd olunub.
Bildirilib ki, hava limanına elektrik enerjisi normal rejimdə verilir və əməliyyatlar fasiləsiz davam edir.
"Sərnişinlərə uçuşlarla bağlı ən son məlumatları müvafiq aviaşirkətlərdən və ya hava limanının rəsmi məlumat kanallarından yoxlamaq tövsiyə olunur" , - Tbilisi Beynəlxalq Hava Limanının yaydığı açıqlamada bildirilib.