ATƏT-in Parlament Assambleyası Gürcüstan haqqında qətnaməni özündə ehtiva edən "Haaqa Bəyannaməsi"ni qəbul edib.
Aktual.ge xəbər verir ki, "Gürcüstanda seçkilərin bütövlüyünün və fundamental azadlıqların qorunması" adlı qətnamənin əsas sponsoru amerikalı konqresmen Co Uilsondur.
Qətnaməyə əsasən, ATƏT-in Parlament Assambleyası:
Gürcüstanda 2024-cü il oktyabrın 26-da keçirilmiş parlament seçkilərinin gedişi ilə bağlı narahatlığını bildirir və qeyd edir ki, ATƏT/DTİHB-nin hesabatlarında ciddi pozuntular vurğulanıb;
2025-ci ilin oktyabrında keçirilmiş yerli seçkilər zamanı seçki məntəqələrində saxtakarlıq əlamətləri, səslərin manipulyasiyası, seçicilərin rüşvətlə ələ alınması, "karusellər" və müxalifət müşahidəçilərinin seçki məntəqələrinə buraxılmaması barədə məlumatlardan narahatdır;
Məhdudlaşdırıcı qanunvericiliyin, xüsusilə "Xarici təsirin şəffaflığı haqqında" qanunun, "Yığıncaqlar və nümayişlər haqqında" qanuna edilmiş dəyişikliklərin, habelə birləşmək, media, ifadə və toplaşmaq azadlıqlarını kəskin şəkildə məhdudlaşdıran "İnzibati Xətalar Məcəlləsi"nin qəbulunu pisləyir;
İnzibati resurslardan sistemli istifadə və institusional gücün konsolidasiyasından narahatdır; bu, bərabərsiz mühit yaradır, demokratik prosesə ictimai etimadı sarsıdır və faktiki birpartiyalı idarəetməni formalaşdırır;
Siyasi müxalifət üzvlərinin, media nümayəndələrinin və Gürcüstanın demokratik və avropalı gələcəyini dəstəkləyən dinc nümayişçilərin özbaşına saxlanılmasını və təzyiqə məruz qalmasını pisləyir;
Bir daha vurğulayır ki, demokratik nəzarət və balans mexanizmlərinin sarsıdılması və ATƏT qarşısında götürülmüş öhdəliklərdən kənara çıxılması Gürcüstanın avro-atlantik inteqrasiya yoluna birbaşa təhlükə yaradır;
Vurğulayır ki, istənilən seçki nəticəsinin legitimliyi azad, ədalətli və şəffaf seçkilərin beynəlxalq standartlarına əməl olunmasından asılıdır.
ATƏT-in Parlament Assambleyası Gürcüstan hakimiyyətini aşağıdakılara çağırır:
Milli və beynəlxalq insan hüquqları qrupları tərəfindən müəyyən edilmiş bütün gürcü siyasi məhbusları azad etməyə;
Fundamental azadlıqları məhdudlaşdıran və Gürcüstanın insan hüquqları ilə bağlı öhdəliklərinə zidd olan bütün qanunvericilik aktlarını ləğv etməyə;
2024 və 2025-ci il seçkiləri zamanı baş vermiş bütün seçki pozuntuları ilə bağlı hərtərəfli və şəffaf araşdırmaya başlamağa və məsuliyyət daşıyan şəxsləri cəzalandırmağa;
Venesiya Komissiyası və ATƏT/DTİHB ilə məsləhətləşmələr apararaq, məhkəmə sisteminin və Mərkəzi Seçki Komissiyasının müstəqilliyini bərpa etmək üçün real islahatlar prosesinə başlamağa;
Vətəndaş cəmiyyəti və müstəqil media üçün təhlükəsiz mühit təmin etməyə, onların təqib olunmaq qorxusu olmadan işləmələrinə şərait yaratmağa.
ATƏT-in Parlament Assambleyası öz üzvlərini və beynəlxalq ictimaiyyəti aşağıdakılara çağırır:
Demokratik normaların dərhal bərpası və ATƏT qarşısında götürülmüş öhdəliklərə tam uyğun olan gələcək seçki proseslərinin təşkili məqsədilə Gürcüstan hakimiyyəti ilə işi davam etdirməyə;
Etibarlı beynəlxalq və yerli müşahidə missiyaları tərəfindən azad, ədalətli və demokratik kimi tanınmayan Gürcüstanda keçirilmiş istənilən seçkinin nəticələrini tanımamağa;
Gürcüstandakı insan hüquqları vəziyyətini diqqətlə izləməyə və gürcü xalqının demokratik dəyərlərə can atmasını dəstəkləməyə davam etməyə.