Gürcüstan Prokurorluğu xarici ölkə vətəndaşını ağırlaşdırıcı hallarda qəsdən öldürmə faktı ilə bağlı bir nəfərə qarşı ittiham irəli sürüb.
Aktual.ge xəbər verir ki, bu barədə məlumatı Baş Prokurorluğun rəsmi saytında məlumat verilib.
Qurumun məlumatına görə, Daxili İşlər Nazirliyi tərəfindən aparılan istintaqla müəyyən edilib ki, 2026-cı il iyunun 3-dən iyunun 25-dək olan müddətdə Azərbaycan vətəndaşı Emin Əliyev, eyni zamanda Azərbaycan vətəndaşı olan Fatimə Kərimovanın həyati qərarları müstəqil qəbul etmək imkanını məhdudlaşdırıb; onun ailə üzvləri və istədiyi şəxslərlə ünsiyyət qurmasını qadağan edib, evdən çıxmaq və sərbəst hərəkət etmək hüququnu məhdudlaşdırıb.
"Bu səbəbdən Fatimə Kərimova Emin Əliyev tərəfindən kirayələnmiş ümumi yaşayış mənzilini tərk etməyə çalışıb, lakin Emin Əliyevdən asılı olmayaraq bunu etmək imkanı olmayıb. Çünki Emin Əliyev onun evdən buraxılması, digər şəxslərlə ünsiyyəti və hətta qidalanması ilə bağlı məsələlərdə qərarları təkbaşına qəbul edirdi. Bununla da Emin Əliyev, Fatimə Kərimovaya qarşı bir kişi olaraq öz üstünlüyünü qanunsuz şəkildə sübut etməyə çalışırmış.
25 iyun 2026-cı il tarixində, gecə saat təxminən 22:00-da, Tbilisi şəhərində, Varketili qəsəbəsi, Yevgeniya Maisuradze küçəsi N45 A, mənzil N3 ünvanında Emin Əliyev qadın və kişi bərabərliyinə dözümsüzlük motivi ilə Fatimə Kərimovanı boğaraq öldürüb.
Müttəhimə qarşı qiyabi olaraq Gürcüstan Cinayət Məcəlləsinin 109-cu maddəsinin 'h' bəndi (qadın və kişi bərabərliyinə dözümsüzlük zəminində qəsdən adam öldürmə) ilə ittiham irəli sürülüb ki, bu da cəza növü olaraq 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetməni nəzərdə tutur. Prokurorluq qanunla müəyyən edilmiş müddətdə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi vəsatəti ilə məhkəməyə müraciət edəcək və onun barəsində axtarış elan olunacaq", - məlumatda qeyd edilib.
Azərbaycanın 20 yaşlı vətəndaşı Fatimə Kərimova iyunun 26-da Tbilisidə kirayə qaldığı mənzildə ölü halda tapılıb. Mövcud məlumatlara görə, qətldə ittiham olunan şəxs öldürülən qızın çox yaxın qoxumudur.