"Vahid Milli Hərəkat" partiyasının üzvü Marneulinin bir hissəsində səhər saatlarından bəri elektrik enerjisinin olamamasına kəskin reaksiya verib.
Aktual.ge xəbər verir ki, o, özünün sosial şəbəkə hesabında yazıb:
"Marneulidə bu gün saat 11:00-dan bəri işıq yoxdur. Yayın bu istisində gah işıq kəsilir, gah da qaz. Müharibə şəraitində yaşayırıq da xəbərimiz yoxdur?
Siz bilirsinizmi xalqa nə qədər maddi və mənəvi ziyan vurursunuz? Ümumiyyətlə, sivil ölkələrdə belə hallarda dövlət sahibkarlara və vətəndaşlara təzminat ödəyir. Bəlkə biz də bunu tələb edək ki, daha məsuliyyətli olasınız?
Artıq 9 ildir kanalizasiya sistemini düzəldə bilmirsiniz. Hər gələn mer quyu qazır, elə bil kanalizasiyada qızıl axtarır. Bir işi bacarmırsınızsa, o kreslolarda niyə oturursunuz?
Heç bir layihə düzgün həyata keçirilmir. Niyə? Çünki rəhbər vəzifələrdə peşəkar olmayan insanlar oturur. Hər layihəyə xidmət yox, gəlir mənbəyi kimi baxılır. Əsas məqsəd görülən işdən pul qazanmaq olur. Nəticədə isə peşəkar olmayan şəxslər cəlb edilir, keyfiyyətsiz materiallardan istifadə olunur və görülən işlərin sonu da belə 'kəlləmayallaq' olur.
Bu sözlərim son illərdə Marneuliyə rəhbərlik etmiş bütün merlərə və məsul şəxslərə aiddir. Yetər artıq!
Dörd illik səlahiyyət müddətinizdə etdiklərinizdən xalqın xəbəri var. Görünür, ikinci dəfə seçilməyəcəyinizi özünüz də bildiyiniz üçün gedənə qədər xalqa zülm etməyi normal hesab edirsiniz. Amma bunun əziyyətini niyə biz çəkməliyik?
Şəhərdə yaşayırıq, amma sanki ucqar kənddəyik. Yol yoxdur, normal infrastruktur yoxdur, su problemi var, işıq və qaz isə az qala hər saat kəsilir. Hətta müharibə şəraitində olan Ukraynada belə vəziyyət yoxdur.
P.S. Gürcü Arzusunun 'Sülhə doğru' şüarı yadıma düşdü. Sülh dediyiniz budur?".