Genişmiqyaslı narkotik əməliyyatı: 135 nəfər saxlanılıb
Bugün
388
Siyasət
A
Genişmiqyaslı narkotik əməliyyatı: 135 nəfər saxlanılıb

Hüquq-mühafizə orqanları narkotik cinayətlərdə ittiham olunan 135 nəfəri saxlayıb, onların arasında narkotik vasitələrin müxtəlif formalarda satışına cəlb olunmuş 55 nəfər də var.

Aktual.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyində keçirilən brifinqdə Mərkəzi Kriminal Polis Departamentinin rəisi Davit Kiknadze məlumat verib.

Onun sözlərinə görə, saxlanılanlar arasında həm Gürcüstan, həm də xarici ölkə vətəndaşları var.

“Daxili İşlər Nazirliyinin əsas prioritetlərindən biri narkotik cinayətkarlığına qarşı barışmaz mübarizədir. Bu istiqamətdə hüquq-mühafizə orqanları ölkə üzrə fasiləsiz rejimdə kompleks polis və profilaktik tədbirlər həyata keçirirlər.

Son bir neçə gün ərzində hüquq-mühafizə orqanları tərəfindən Tbilisidə və Gürcüstanın müxtəlif regionlarında keçirilmiş əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində narkotik cinayətlərdə ittiham olunan 135 nəfər saxlanılıb. Onların arasında narkotik vasitələrin müxtəlif formalarda satışına cəlb olunmuş 55 nəfər var.

Saxlanılanlar arasında həm Gürcüstan, həm də xarici ölkə vətəndaşları var.

İstintaq nəticəsində müəyyən edilib ki, saxlanılan şəxslər narkotik vasitələrin yayılması üçün müxtəlif üsullardan istifadə ediblər. Hüquq-mühafizə orqanları hakimin qərarı əsasında bir neçə dəfə narkotik vasitələrin nəzarətli alışını həyata keçirib və həmin alışların gizli audio-video çəkilişini aparıblar.

Polis narkotik cinayətlərdə ittiham olunaraq saxlanılan şəxslərin üzərində, avtomobillərində və yaşayış evlərində apardığı axtarışlar zamanı, eləcə də onların göstərdikləri yerlərdən maddi sübut qismində xüsusilə külli miqdarda müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr götürüb.

Həmçinin maddi sübut kimi narkotik vasitələrin qanunsuz satışı nəticəsində əldə edilmiş pul vəsaitləri və qanunsuz əldə edilmiş odlu silahlar da götürülüb.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 260-cı, 260¹-ci, 260²-ci, 261-ci, 263-cü, 265¹-ci və 236-cı maddələri ilə aparılır. Bu maddələr 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Daxili İşlər Nazirliyi narkotik satıcılarının və narkotik vasitələrin qanunsuz dövriyyəsinə cəlb olunmuş şəxslərin müəyyənləşdirilməsi istiqamətində fəaliyyətini fəal şəkildə davam etdirir.

Ölkəyə narkotik vasitələrin qanunsuz gətirilməsinin və yayılmasının qarşısının alınması məqsədilə polis digər müvafiq hüquq-mühafizə orqanları ilə sıx koordinasiya şəraitində quru, dəniz və hava sərhədlərinin maksimum dərəcədə qorunmasını və nəzarətdə saxlanılmasını təmin edir.

Narkotik vasitələrin qanunsuz dövriyyəsinə, narkotiklərin satışına və ya buna yardım göstərilməsinə cəlb olunan istənilən şəxs qanunun bütün sərtliyi ilə cəzalandırılacaq”, - deyə Davit Kiknadze qeyd edib.

ŞƏRH YAZ
0