Gürcüstanda sürücüyə sürücülük vəsiqəsində hər il 100 bal verilir, yol hərəkəti qaydaları pozulduğu təqdirdə ballar silinir və konkret pozuntuya görə çıxılacaq balların miqdarı pozuntunun ağırlığından asılı olaraq dəyişir.
Aktual.ge xəbər verir ki, sürücülük vəsiqəsinin 100 ballıq sistemi tətbiq olunandan bəri konkret pozuntulara görə çıxılacaq balların miqdarı bir neçə dəfə dəyişdirilib. O cümlədən, 2026-cı ildə təhlükəsizlik kəmərindən istifadə edilməməsi, sürət həddinin aşılması, mobil telefondan istifadə olunması, manevr etmə qaydalarının pozulması, səkidə hərəkət etmə və avtobus zolağında hərəkət etmə hallarına görə sanksiyalar sərtləşdirilib.
Hazırda qüvvədə olan qaydaya əsasən, hansı pozuntuya görə sürücüdən neçə bal çıxılır. Beləliklə, ən geniş yayılmış və əhəmiyyətli pozuntular üzrə ballar belə bölünür:
- Təhlükəsizlik kəmərindən istifadə edilməməsi - 10 bal
- Müəyyən edilmiş sürət həddinin 15 km/saat-dan çox, lakin 50 km/saat-dan çox olmamaqla aşılması - 10 bal
- Müəyyən edilmiş sürət həddinin 50 km/saat-dan çox aşılması - 20 bal
- Nəqliyyat vasitəsini idarə edərkən mobil rabitə vasitəsindən istifadə edilməsi - 15 bal
- Manevr etmə qaydalarının pozulması - 20 bal
- Nəqliyyat vasitəsi ilə səkidə hərəkət edilməsi - 30 bal
- Avtobus zolağında hərəkət edilməsi - 15 bal, təkrar törədildiyi təqdirdə isə — 30 bal
- Əks istiqamətdə hərəkət üçün nəzərdə tutulmuş avtobus zolağında hərəkət edilməsi - 20 bal, təkrar törədildiyi təqdirdə isə — 30 bal
- Nəqliyyat vasitəsinin alkoqollu sərxoşluq vəziyyətində idarə edilməsi - 30 bal
- Nəqliyyat vasitəsinin idarə edilməsi zamanı alkoqola görə yoxlamadan yayınma - 40 bal
- Nəqliyyat vasitəsinin narkotik və ya psixotrop sərxoşluq vəziyyətində idarə edilməsi - 40 bal
- Nəqliyyat vasitəsinin yol verilən həddən artıq ətraf mühiti çirkləndirərək idarə edilməsi - 10 bal
- Yol hərəkəti qaydalarının pozulması, nəqliyyat vasitəsinin, yükün, yolun, yol qurğusunun və ya digər əmlakın zədələnməsinə, yaxud insan bədəninin yüngül zədələnməsinə səbəb olduqda - 25 bal