“Mamed Gas” MMC-nin prezidenti Nəriman Allahverdiyevin bu gün səhər saatlarında saxlanılması ilə bağlı vəkili açıqlama verib.
Aktual.ge xəbər portalına danışan vəkil Rövşən Ziyadəliyev bildirib ki, Nəriman Allahverdiyev bu mərhələdə susmaq hüququndan istifadə edir.
Hüquqşünasın sözlərinə görə, müvəkkili barəsində Gürcüstan Cinayət Məcəlləsinin 192-ci maddəsi ilə istintaq aparılır.
“Məlum olduğu üzrə, bu gün səhər saatlarında Nəriman Allahverdiyev hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Nəriman bəyə qarşı ‘qanunsuz sahibkarlıq fəaliyyəti’ maddəsi ilə istintaq aparılır. Hazırda iş materialları tərəfimizdən tam şəkildə öyrənilir və hüquqi qiymətləndirmə aparılır. İş materiallarının hərtərəfli araşdırılmasından sonra ictimaiyyətə əlavə və ətraflı məlumat təqdim olunacaq.
Həmçinin qeyd etmək lazımdır ki, cinayət prosesinin əsas prinsiplərindən birinə əsasən, şəxs barəsində irəli sürülmüş ittiham qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə təsdiq edilənədək təqsirsiz hesab olunur" , - deyə Rövşən Ziyadəliyev qeyd edib.