Daxili İşlər Nazirliyinin (DİN) Kvemo Kartli Polis Departamentinin Marneuli Rayon Şöbəsinin əməkdaşları qabaqcadan əlbir olan bir qrup tərəfindən törədilmiş oğurluqda ittiham olunan iki şəxsi saxlayıblar.
Aktual.ge xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Qurumun məlumatına görə, araşdırma nəticəsində müəyyən edilib ki, təqsirləndirilən şəxslər öz avtomobilləri ilə hərəkət edərək Marneuli bələdiyyəsinin kəndlərindən birində yerləşən ticarət obyektinin ətrafında quraşdırılmış sürətli ödəniş aparatını oğurlayıb və onun içərisində olan pula qanunsuz şəkildə sahib çıxıblar.
"Zədələnmiş ödəniş aparatını hadisə yerindən uzaqda ataraq özləri isə hadisə yerindən qaçıblar.
Həmçinin müəyyən edilib ki, təqsirləndirilən şəxslərdən biri cinayəti gizlətmək məqsədilə kənd sakinlərindən birinə məxsus avtomobilin dövlət qeydiyyat nişanını oğurlayaraq öz avtomobilinə quraşdırıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları həyata keçirilən əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində təqsirləndirilən şəxsləri hadisədən bir neçə saat sonra saxlayıblar. Oğurlanmış ödəniş aparatı və avtomobilin dövlət qeydiyyat nişanı isə maddi sübut kimi götürülüb.
Faktla bağlı araşdırma Gürcüstan Cinayət Məcəlləsinin 177-ci maddəsinin ikinci və üçüncü hissələri ilə aparılır. Sözügedən maddə 7 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur" , - məlumatda deyilir.