Qaribaşvili məktubunda onun adını çəkmişdi | Mdinaradze belə cavab verdi
Bugün
206
Siyasət
A
Qaribaşvili məktubunda onun adını çəkmişdi | Mdinaradze belə cavab verdi

"Həbsdə olan bir insandır və düşünürəm ki, mənim vəziyyətimdən çıxış edərək ona qarşı hansısa hücuma keçmək tamamilə düzgün olmaz. Lakin sizə tam səmimiyyətlə deyə bilərəm ki, şəxsən mən və hökumətin digər nümayəndələri korrupsiyaya bu qədər barışmaz şəkildə qarşı çıxdığımız zaman belə ittihamların olmasına, indi də səslənməsinə və gələcəkdə də səslənə biləcəyinə hazırıq”.

Aktual.ge xəbər verir ki, bu sözlərlə Regional İnkişaf naziri Mamuka Mdinaradze Gürcüstanın keçmiş Baş naziri İrakli Qaribaşvilinin son günlər yaydığı bəyanata münasibət bildirib.

Onun sözlərinə görə, hökumət nümayəndələri bu cür ittihamlara hazır deyillərsə, nə korrupsiyaya qarşı mübarizə apara, nə də effektiv idarəçilik həyata keçirə bilərlər.

“[Bu ittihamların] arxasındakı məqsədlər barədə danışmayacağam, bundan çəkinəcəyəm. Əgər sən hökumət nümayəndəsi kimi buna hazır deyilsənsə, onda nə korrupsiyaya qarşı mübarizə apara bilərsən, nə iş görə bilərsən, nə də öz növbəndə sürətli idarəetməni təmin edə bilərsən.

İnsan hücuma keçərək əsassız və bir-birinə zidd bəyanatlar verəndə, onun məqsədi barədə bu gün danışmamağa çalışacağam. Korrupsiyaya qarşı mübarizəmizə görə bizə nə qədər hücum edilirsə edilsin, belə məsələlərə ciddi yanaşmaq da olmaz”, - deyə Mamuka Mdinaradze qeyd edib.

Bundan əlavə, o, korrupsiya cinayətləri nəticəsində bölgələrdə ayrı-ayrı layihələrin gecikməsi məsələsindən də danışıb və layihələri həyata keçirən şəxslərə müraciət edərək hökumətin humanistliyindən sui-istifadə etməmələrini istəyib.

“Fürsətdən istifadə edərək əvvəlki illərdən 'miras' qalan və korrupsiya cinayətlərinin nəticəsi olan, bu gün isə təəssüf ki, 'miras' olaraq qarşımızda duran problemlər barədə də danışmaq istəyirəm. Hansı bölgəyə getdimsə, hər yerdə bir neçə belə layihə ilə qarşılaşdıq: haradasa körpü, haradasa yol, haradasa su, qazlaşdırma məsələləri. Ayrı-ayrı podratçıların ucbatından bunlar bu günə qədər başa çatdırılmayıb və keyfiyyətsiz vəziyyətdədir.

Hamını gecikdirmə, keyfiyyətsiz iş və problemlər yaratmaq hesabına daha çox maddi fayda əldə etməyə çalışan insanları xəbərdar etmək istəyirəm: bu məsələdən belə asanlıqla və bizim humanistliyimizdən istifadə edərək yararlanmayın. Bölgələrdə başlanmış layihələri vaxtında və keyfiyyətli şəkildə başa çatdırın.

Nə mən, nə də hökumətin digər nümayəndəsi haradasa betonun markasının aşağı salınması, haradasa işlərin gecikdirilməsi və bunun nəticəsində əhalinin problemlərlə üzləşməsi ilə barışmaq niyyətində deyilik. Bu da müəyyən mənada korrupsiyanın bir istiqamətidir və bununla da mübarizə aparmalıyıq.

İttihamlara hazırıq. Əsas odur ki, bu ittihamlar həqiqi olmasın. Mən bunlara da, bir çox başqa şeylərə də dözəcəyəm və korrupsiyaya qarşı mübarizədə bir addım belə geri çəkilməyəcəyik”, - deyə o, söyləyib.

Məlumat üçün bildirək ki, keçmiş Baş nazir İrakli Qaribaşvili sosial şəbəkədə yayımladığı məktubda yazıb ki, “korrupsiyaya qarşı mübarizə” adlandırılan kampaniyanın əsas məqsədi onu həbsə atmaq və siyasi cəhətdən məhv etmək olub.

ŞƏRH YAZ
0