Hüquq-mühafizə orqanlarının əməkdaşları 33 kiloqrama qədər narkotik vasitə aşkar edərək götürüblər, onun “qara bazar”da dəyəri 6 milyon lari təşkil edir.
Aktual.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyində keçirilən brifinqdə Mərkəzi Kriminal Polis Departamentinin direktoru Davit Kiknadze bildirib.
“Daxili İşlər Nazirliyinin müvafiq bölmələri narkotik cinayətkarlığına qarşı mübarizəni hər gün, fasiləsiz rejimdə davam etdirirlər.
Mərkəzi Kriminal Polis Departamentinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və yayılmasına qarşı kompleks şəkildə həyata keçirilən növbəti polis əməliyyatı nəticəsində Rustavi şəhərində narkotik cinayətində ittiham olunan iki xarici ölkə vətəndaşı saxlanılıb.
Təqsirləndirilən şəxslərdən birinin yaşadığı mənzildən maddi sübut kimi külli miqdarda - 33 kiloqrama qədər 'tetrahidrokannabinol' narkotik vasitəsi, yəni 'həşiş' götürülüb. Onun 'qara bazar'da dəyəri 6 milyon lari təşkil edir. Bu narkotikin bir hissəsi saxlanılan şəxslər tərəfindən həmin mənzildə avtomobilin təkərlərində gizlədilmişdi.
Hüquq-mühafizə orqanlarının əməkdaşları Rustavidə təqsirləndirilən şəxslərin digər yaşayış mənzilindən və otel otağından da külli miqdarda 'kokain', 'heroin' və 'metadon' narkotik vasitələri aşkar edərək götürüblər.
İstintaq nəticəsində müəyyən edilib ki, saxlanılan şəxslər razılaşdırılmış şəkildə fəaliyyət göstərir və narkotik vasitələrin müxtəlif üsullarla satışını təşkil etməyi planlaşdırırmışlar. Lakin hüquq-mühafizə orqanlarının operativ müdaxiləsi nəticəsində onların cinayət niyyətini həyata keçirməsinin qarşısı alınıb.
Bundan əlavə, qeyd olunan şəxslərlə yanaşı, son bir neçə gün ərzində Tbilisi və regionlarda narkotik cinayətkarlığına qarşı intensiv şəkildə həyata keçirilən polis əməliyyatları nəticəsində hüquq-mühafizə orqanlarının əməkdaşları daha 24 nəfəri saxlayıblar. Onlardan 15 nəfərin müxtəlif formalarda narkotik vasitələrin satışı ilə məşğul olduğu müəyyən edilib.
Bu şəxslər narkotik cinayətləri sxemlərinə müxtəlif formalarda cəlb olunublar. Onlar arasında internet tətbiqlərindən, narkotik vasitələrin əlbəəl ötürülməsi üsulundan, həmçinin narkotiklərin müəyyən yerlərdə gizlədilərək yerləşdirilməsi metodundan istifadə edənlər olub.
Hüquq-mühafizə orqanlarının əməkdaşları maddi sübut kimi satış üçün hazırlanmış müxtəlif növ külli miqdarda narkotik vasitələr, narkotiklərin qablaşdırılması üçün lazım olan materiallar və pul vəsaiti götürüblər. Həmçinin xüsusi olaraq qurulmuş istixanalar aşkar edilib. Bu istixanalarda külli miqdarda narkotik vasitələrin qanunsuz becərilməsi həyata keçirilirmiş.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 260-cı, 260-cı kvartа, 19–260-cı və 265-ci prima maddələri ilə aparılır. Bu maddələr 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Daxili İşlər Nazirliyi ölkəyə narkotik vasitələrin qanunsuz gətirilməsi və yayılmasının qarşısının alınması məqsədilə müvafiq kompleks tədbirləri fəal şəkildə davam etdirir”, - deyə Davit Kiknadze qeyd edib.