Azərbaycan Qan Donorları Assosiasiyasının sədri Fuad Əsgərov və birliyin Gənclər və İdman Proqramlarının idarə olunması üzrə koordinatoru Böyükxanım Mirzəzadə 18–21 avqust 2026-cı il tarixlərində Gürcüstanda işgüzar səfərdə olublar.
Aktual.ge xəbər verir ki, Assosi asiyasının sədri Fuad Əsgərov səfərin olduqca məhsuldar keçdiyini və Gürcüstan ilə könüllü qan donorluğu layihələrinin birgə həyata keçirilməsi üçün yeni imkanların yarandığını bildirib.
Onun sözlərinə görə, səfər çərçivəsində Natalia Kvantaliani adına Mərkəzi Qan Bankının Samtredia filialının direktoru Laşa Kvantaliani ilə görüş keçirilib. Görüş zamanı Azərbaycan və Gürcüstan arasında könüllü qan donorluğunun inkişaf etdirilməsi və birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub.
Səfər çərçivəsində nümayəndə heyəti Gürcüstan Azərbaycanlı Tələbələr Birliyinin yubiley mərasimində də iştirak edib. Tədbirdə vətəndaş cəmiyyəti nümayəndələri azərbaycanlı gənclərin təkliflərini dinləyiblər. Gənclərin irəli sürdüyü təkliflər əsasında yaxın zamanda Gürcüstan–Azərbaycan Gənclərinin Dostluq Forumunun keçirilməsinin vacibliyi vurğulanıb.
Bundan əlavə, Qan Donorları Assosiasiyasının nümayəndələri Gürcüstanın ictimai-siyasi həyatında mühüm yer tutan Aktual.ge media qurumu ilə görüş keçiriblər. Görüş zamanı Assosiasiyanın fəaliyyəti və həyata keçirdiyi layihələrin Gürcüstan ictimaiyyətinə daha geniş şəkildə çatdırılması istiqamətində əməkdaşlıq barədə razılıq əldə olunub.
Qeyd edək ki, Qan Donorları Assosiasiyası fəaliyyəti dövründə paytaxt Tbilisidə və ölkənin ən böyük şəhərlərindən biri olan Batumidə gənc qan donorları üçün yay və qış düşərgələri təşkil edib. Assosiasiya bu layihələr vasitəsilə Azərbaycan və Gürcüstan gəncləri arasında dostluq münasibətlərinin möhkəmləndirilməsinə də töhfə verib.
Fuad Əsgərovun sözlərinə görə, son səfər iki ölkə arasında həm könüllü qan donorluğu, həm də gənclər və vətəndaş cəmiyyəti sahələrində əməkdaşlığın genişləndirilməsi baxımından yeni perspektivlər yaradıb.