07.09.2026 20:26
610
Siyasət
A
"Bıçağı kürəyimə siz vurdunuz" | Qaribaşvilidən növbəti məktub

Gürcüstanın sabiq Baş naziri İrakli Qaribaşvili Rustavi həbsxanasından növbəti məktubunu yayıb və hakimiyyəti “iyrənc və faciəli” maskaradda ittiham edib.

Aktual.ge xəbər verir ki, keçmiş Baş nazir son məktublarından sonra başlanılan, o cümlədən müxalif siyasətçilərin dindirildiyi istintaqı qeyri-ciddi adlandırıb.

O qeyd edib ki, “su ilə yağın bir-birinə qarışmadığı kimi”, onu “Milli Hərəkat”la əlaqələndirmək də mümkün deyil.

İrakli Qaribaşvili məktubunda onunla bağlı yayılan və guya “dərin dövlət”in və Fransanın agenti olması barədə məlumatlara ironik münasibət bildirib və qeyd edib: “Bəxtim gətirib” ki, başqa xarici dilləri bilmirəm, yoxsa yəqin ki, məni digər ölkələrin də “agenti” elan edərdilər.

Sabiq hökumət başçısı məktubunda yenidən komanda yoldaşlarına müraciət edərək heç kimlə mübarizə aparmadığını, bıçağın isə onun kürəyinə məhz onlar tərəfindən vurulduğunu bildirib.

“Hakimiyyətin panik reaksiyası və tamamilə qeyri-adekvat davranışı sistemin tam ifşasına səbəb oldu. Cəmiyyət hakimiyyətin növbəti gülünc, eyni zamanda tamamilə iyrənc və faciəli maskaradasının şahidi oldu.

Hakimiyyətin konkret faktlar və qaldırılan suallarla bağlı vaxtında və şəffaf izahat verməsi əvəzinə, qeyri-ciddi dindirmələr silsiləsinin şahidi olduq. Bu dindirmələrin əsas məqsədlərindən biri məni 'Milli Hərəkat'la əlaqələndirmək və prosesi elə təqdim etmək idi ki, guya bütün bunlar əvvəlcədən planlaşdırılıb və radikal müxalifətlə koordinasiyalı işin nəticəsidir.

Həmçinin bu günlərdə öyrəndim ki, guya mən 'dərin dövlət'in agenti imişəm və eyni zamanda Fransanın agentiymişəm... 'Bəxtim gətirib' ki, başqa xarici dilləri bilmirəm, yoxsa yəqin ki, məni digər ölkələrin də 'agenti' elan edərdilər...

Bu gülünc və aciz təbliğat metoduna hakimiyyətə belə cavab vermək istəyirəm: boş yerə əlləşməyin! Su ilə yağın bir-birinə qarışmadığı kimi, mənimlə 'Milli Hərəkat'ı da bir-biri ilə əlaqələndirmək mümkün deyil!

Cəmiyyətə xatırlatmaq istəyirəm ki, öyrəndiyimə görə, Lazare Corbenadzenin intihara çatdırılması işi ilə bağlı araşdırma artıq təxminən beş aydır davam edir. Lakin bütün bu müddət ərzində açıq şəkildə suallar ünvanlayan həmin şəxslər və jurnalistlər bu günədək dindirilməyiblər. Əvəzində, məktubum yayımlandıqdan dərhal sonra məktubuma açıq şəkildə münasibət bildirən bütün şəxslərin dindirilməsinə başladılar.

Mənə qarşı bu çirkli siyasi oyunlara son qoyun! Xalq İrakli Qaribaşvilinin kim olduğunu bilir və cəmiyyətimiz mənim sözümü sizin sözünüzdən çox yaxşı fərqləndirir. Xalq onu da yaxşı bilir ki, mən nə Qərbə, nə Şərqə, nə Şimala, nə də Cənuba xidmət edirəm. Mən Gürcüstana xidmət edirəm!

Son günlər bir çox simasını itirmiş insanların ləyaqətsiz, saxta və ikiüzlü bəyanat və şərhlərini eşitdim. Ola bilsin ki, onlar mənim cavab verəcəyimi gözləyirlər, lakin onlara demək istəyirəm ki, onlar məndən cavab almağa belə layiq deyillər. Yalnız Şalva Papuaşviliyə cavab vermək istəyirəm: Şalva, bu hüquqi proses deyil bu, amansız siyasi təqibdir!

Bir daha hamınıza xatırladıram: mən heç kimlə mübarizə aparmıram, bıçağı kürəyimə siz vurdunuz... İndi isə bu ədalətsizlik və qəddarlıqdan özümü və ailəmi qorumağa məcburam”, - deyə İrakli Qaribaşvili yazıb.

ŞƏRH YAZ
1