Marneulidə 50 kiloqramlıq un kisəsinin qiyməti daha 2 lari ucuzlaşıb.
Bu barədə Aktual.ge xəbər portalının sorğusuna cavab olaraq Marneulidə fəaliyyət göstərən “Agrosystem” (Karmen) dəyirman şirkətindən məlumat verilib.
Şirkətdən bildirilib ki, 50 kiloqramlıq un kisəsinin qiyməti 52 laridən 50 lariyə endirilib.
“Hazırda 50 kiloqramlıq un kisəsinin qiyməti ucuzlaşaraq 50 lari təşkil edir. Bu mərhələdə qiymət artımı gözlənilmir. Qış fəslinin gəlməsinə baxmayaraq, oktyabr və noyabr aylarında da qiymətlərin bahalaşacağını gözləmirik. Əksinə, qiymətlərin daha da ucuzlaşacağını proqnozlaşdırırıq.
Qeyd edək ki, qiymətlərin azalması təkcə Marneulidə deyil, Tbilisi və digər bölgələrdəki dəyirmanlarda 50 lari, hətta bəzi yerlərdə birəz daha ucuzdur. Həmçinin, bizdən külli miqdarda un alındığı təqdirdə əlavə endirim tətbiq edirik”, – deyə şirkətdən bildirilib.