Avropa Parlamenti Gürcüstanla bağlı tənqidi qətnamə qəbul edib
08.10.2026 15:46
229
Siyasət
A
Avropa Parlamenti Gürcüstanla bağlı tənqidi qətnamə qəbul edib

Bu gün Avropa Parlamentinin plenar iclasında “Gürcüstanda hakim Gürcü Arzusu partiyası tərəfindən müxalifət partiyalarının qadağan edilməsi cəhdləri haqqında” qətnamə 445 səslə lehinə, 37 səslə əleyhinə olmaqla qəbul edilib, 97 avroparlamentari isə səsvermədə bitərəf qalıb.

Aktual.ge xəbər verir ki, dünən, sözügedən məsələ ilə bağlı debat keçirilməzdən əvvəl yayımlanan qətnamə layihəsində qeyd olunmuşdu ki, Avropa Parlamenti Gürcüstanın müxalifət partiyalarının qadağan edilməsinə cəhdləri qətiyyətlə pisləyir və onlara qarşı Konstitusiya Məhkəməsinə təqdim edilmiş iddianın dərhal geri götürülməsini tələb edir.

Bununla yanaşı, Avropa Parlamenti Avropa İttifaqını və üzv dövlətləri “Gürcü Arzusu”nun fəxri sədri Bidzina İvanişvili, Baş nazir İrakli Kobaxidze, Parlamentin sədri Şalva Papuaşvili və Tbilisi meri Kaxa Kaladzeyə qarşı sanksiyalar tətbiq etməyə çağırır.

Qətnamədə deyilir:

“Gürcüstanda vəziyyətin getdikcə pisləşməsi, “Gürcü Arzusu” hökumətinin hərəkətləri nəticəsində demokratiya, media azadlığı, insan hüquqları və qanunun aliliyi sahəsində geriləmənin daha da dərinləşməsi, bu addımların Gürcüstanın beynəlxalq öhdəlikləri, o cümlədən Kopenhagen meyarları ilə getdikcə daha çox ziddiyyət təşkil etməsi nəzərə alınaraq;

2025-ci ilin noyabrında “Gürcü Arzusu”nun nəzarətində olan parlamentin müxalifət partiyalarının, o cümlədən “Vahid Milli Hərəkat”, “Dəyişikliklər Koalisiyası” və “Güclü Gürcüstan – Lelo”nun qadağan edilməsi tələbi ilə Konstitusiya Məhkəməsinə iddia təqdim etməsi, daha sonra “Federalistlər”in də bu iddiaya daxil edilməsi və 2026-cı ilin sentyabrında “Gürcüstan üçün” partiyasının – legitim siyasi müxalifəti məhv edən yeganə parlament müxalifət partiyasının – da siyahıya əlavə edilməsi nəzərə alınaraq;

Bu məhkəmə işlərinin “Gürcü Arzusu”nun daha geniş strategiyasının bir hissəsi olması və məqsədinin siyasi plüralizmi məhv etməklə Gürcüstanı Rusiya və Belarus modellərinə bənzər birpartiyalı rejimə çevirmək olması, bunun isə Kremlin Gürcüstanı Avropa və Avro-Atlantik məkandan kənarda saxlamaq məqsədinə xidmət etməsi nəzərə alınaraq;

Konstitusiya Məhkəməsinə hakimlərin 2026-cı ilin sentyabrında təyin edilməsinin məhkəmə işlərində onların müstəqilliyi ilə bağlı şübhələr yaratması nəzərə alınaraq;

“Konrad Adenauer” və “Fridrix Nauman” fondlarının hökumətin “Qrantlar haqqında qanun” çərçivəsində layihələrin maliyyələşdirilməsi ilə bağlı müraciətlərini rədd etməsindən sonra 2026-cı ilin sentyabrında Tbilisidəki ofislərini bağlamağa məcbur qalmaları nəzərə alınaraq;

Bir çox jurnalistin müxalifət və vətəndaş cəmiyyətinə qarşı hakimiyyət tərəfindən həyata keçirilən repressiyalar barədə məlumat yaydıqları üçün həbs edilməsi nəzərə alınaraq;

Avropa Parlamenti Gürcüstanın müxalifət partiyalarının qadağan edilməsinə cəhdləri qətiyyətlə pisləyir və onlara qarşı Konstitusiya Məhkəməsinə təqdim edilmiş iddianın dərhal geri götürülməsini tələb edir. Vurğulayır ki, fəaliyyət göstərən siyasi müxalifət demokratiyanın ayrılmaz dayağıdır və legitim siyasi müxalifətin məhkəmə yolu ilə məhv edilməsi demokratiya ilə bir araya sığmır. Qeyd edir ki, Gürcüstan parlamentində təmsil olunan yeganə müxalifət partiyasının qadağan edilməsi rejimin əvvəllər irəli sürdüyü və hədəfinin yalnız “boykot rejimində olan” partiyalar olduğu barədə narrativi sarsıdır.

Bütün siyasi məhbusların, o cümlədən Elene Xoştaria, Mzia Amağlobeli, Mixeil Saakaşvili, Giorgi Baramidze və Nika Melianin, eləcə də dinc etirazlara görə həbs edilmiş bütün şəxslərin dərhal və qeyd-şərtsiz azad edilməsinə çağırır;

Siyasi motivli “sabotaj” ittihamlarının ləğv edilməsinə çağırır;

Qadağan edilmiş partiyalarla əlaqəli şəxslərə və partiyalara qarşı qeyri-mütənasib qadağalara imkan verən müddəaların geri götürülməsinə çağırır;

Siyasi opponentləri susdurmaq məqsədilə qanunvericilikdən və dövlət institutlarından sui-istifadəni pisləyir;

Avropa siyasi fondlarının fəaliyyətinə maneələrin dayandırılmasına çağırır;

Gürcüstanda getdikcə ağırlaşan vəziyyətlə bağlı real nəticələrin yaradılması üçün Avropa İttifaqı və üzv dövlətlərin əksəriyyətinin davamlı şəkildə tədbir görməməsindən təəssüfünü ifadə edir;

Demokratik geriləmə, zorakı repressiyalar və siyasi təqiblərə görə məsuliyyət daşıyan şəxslərə, ilk növbədə Bidzina İvanişvili, İrakli Kobaxidze, Şalva Papuaşvili və Kaxa Kaladzeyə qarşı fərdi sanksiyalar və viza qadağalarının tətbiqi ilə bağlı əvvəlki çağırışını bir daha təkrarlayır;

Avropa Parlamenti gürcü xalqının Avropaya inteqrasiya istiqamətindəki istəklərinə dəstəyini bir daha ifadə edir. Avropa Parlamenti dəfələrlə səsləndirdiyi xəbərdarlığını təkrarlayır ki, mövcud siyasi partiyaların qadağan edilməsinə yönəlmiş istənilən cəhd Gürcüstanı Avropa İttifaqından daha da uzaqlaşdırır və Aİ-yə üzvlük istiqamətində hər hansı addımı istisna edir;

Avropa Parlamenti öz prezidentinə qətnaməni Avropa İttifaqı Şurasına, Avropa Komissiyasına, Ali nümayəndəyə, üzv dövlətlərə və Gürcüstanın özünü hökumət elan etmiş hakimiyyətinə təqdim etməyi tapşırır”.

Məlumat üçün bildirək ki, bundan əvvəl də Avropa Parlamenti Gürcüstan hökuməti ilə bağlı dəfələrlə tənqidi qətnamələr qəbul edib. Gürcüstan hökuməti isə Avropa Parlamentinin bu qətnamələrini əsassız hesab etdiyini bəyan edib.

ŞƏRH YAZ
0