Hüquq-mühafizə orqanlarının əməkdaşları fahişəliyə şərait yaratma və fahişəlik üçün yer təqdim etmə ittihamı ilə 21 nəfəri saxlayıb, 11 obyekti möhürləyiblər.
Aktual.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyində keçirilən brifinqdə Mərkəzi Kriminal Polis Departamentinin İnsan Alveri və Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Qriqol Qoqoçaşvilinin bildirib.
Onun sözlərinə görə, polis əməliyyatları Tbilisi, İmereti və Kvemo Kartli bölgələrində həyata keçirilib.
"Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin əməkdaşları Baş Prokurorluqla birgə həyata keçirilən kompleks əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində fahişəliyə şərait yaratma və fahişəlik üçün yer təqdim etmə ittihamı ilə 21 nəfəri saxlayıb, 11 obyekti isə möhürləyiblər.
İstintaq çərçivəsində keçirilən, o cümlədən audio və video çəkilişləri əhatə edən gizli istintaq tədbirləri nəticəsində əldə olunan sübutlarla müəyyən edilib ki, saxlanılan şəxslər müxtəlif obyektlərin menecerləri və administratorları olub və fahişəliklə məşğul olan qadınlara bu fəaliyyətlərini həyata keçirmələri üçün sistemli şəkildə şərait yaradıblar. Belə ki, onlar müəyyən məbləğdə ödəniş müqabilində idarə etdikləri obyektlərdə qadınlara yer təqdim ediblər.
İstintaqla həmçinin müəyyən edilib ki, obyektlərin administratorları fahişəliklə məşğul olan şəxslərə müştəri tapmaqda da kömək ediblər. Bunun müqabilində isə qadınların göstərdikləri seksual xidmətlərdən əldə etdikləri gəlirin böyük hissəsini özləri götürüblər.
İstintaq müəyyən edib ki, sözügedən obyektlərin əsas gəlir mənbəyini fahişəliyə şərait yaradılması nəticəsində əldə olunan vəsaitlər təşkil edib. Hüquq-mühafizə orqanlarının müxtəlif obyektlərdə keçirdiyi axtarışlar zamanı qanunsuz fəaliyyət nəticəsində əldə edilmiş pul vəsaiti aşkarlanaraq götürülüb.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 254-cü maddəsi ilə aparılır. Sözügedən maddə fahişəliyə şərait yaratma və fahişəlik üçün yer təqdim etməni nəzərdə tutur" , - deyə Qriqol Qoqoçaşvili qeyd edib və əlavə edib:
"Daxili İşlər Nazirliyi bu cür qanunsuz fəaliyyətlərin aşkarlanması və qarşısının alınması, həmçinin cinayətə cəlb olunan şəxslərin məsuliyyətə cəlb edilməsi məqsədilə müvafiq polis tədbirlərini davam etdirir".